Yeni “Şəbəkə” xidmət mərkəzləri açılıb
Xəzər və Yasamal rayonlarının sakinləri telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzlərə müraciət edə bilərlər.
Mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9-dan axşam saat 7-dək, istirahət günləri saat 9-dan 6-ya dək xidmət göstərilir. “Şəbəkə”nin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.
Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib. Bakı şəhərində ilkin mərhələdə 10-a yaxın belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Yasamal rayonunda ikinci, Binəqədi rayonunda isə ilk “Şəbəkə” xidmət mərkəzinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir.
Gələcəkdə respublikanın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.
AzVision.az
Teqlər: Şəbəkə