Saçyoldu demokratiyası

Saçyoldu demokratiyası
  06 Sentyabr 2013    Oxunub:1289
Emin Piri

Müsavatda dava, Milli Şurada qalmaqal, İsa Qəmbər filankəsə nə dedi və s. tipli başlıqlar mətbuatda tez-tez rast gəldiyimiz yazılardandır. Artıq nə Rəqsanə, nə İlhamə-Nazpəri döyüşləri, nə də səhnə adamlarının evlənmə-boşanma kimi şou qalmaqalları bizi belə bezdirmir. Siyasətin şoulaşması özüylə birlikdə ora şou-biznesin digər cəhətlərini də gətirib. Axşam bir söz deyib səhər ayrısını demək, burda dost kimi and içib digər yanda ittiham etmək və s. kimi vicdandan kənar vasitələrlə gündəmdə qalmaq cəhdləri də bu sıradandır.
Saçyoldu isə şou-biznes qalmaqallarının pik nöqtəsidir desək, yanılmarıq. Bu, müəyyən dərəcədə küçə şousu da sayılır. Bəli, ölmədik bugünü də gördük. Müsavatın srağagünkü iclasında saçyolduya çıxaraq, jurnalist xanımı döyən gənc oğlanlar bunu öz əməlləriylə sübut etdilər. Bu faktı digərləri yox, məhz müsavatçı gənclər, informasiya vasitələri təsdiq edir.

Həmin görüşdə Müsavat Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələrinin Müsavat Divanı tərəfindən ləğv olunması məsələsi müzakirə edilib. Avqustun 25-də keçirilən seçkilərdə Rauf Məmmədli və Cavid Hacıbəylinin sədrliyə namizədliyi irəli sürülmüş, Cavid Hacıbəylisə səsvermə nəticəsində qalib olmuşdu. Sonradan Müsavat divanı səslər düzgün hesablanmadığından qərarı ləğv etmişdi. Guya inanırmışlar ki, bu dəfə hər şey yağ kimi gedəcək. Amma heç də onların arzuladığı kimi olmayıb. Sonradan baş verən olay ümumiyyətlə, onları seçim keçirdiklərinə görə peşman etdi.

Əslində, səslərin səhv hesablanması yalnız saxtakarlıq sayıla bilər. Burada hansısa texniki səbəb axtarmaq yersizdir. Cəmi 107 səsi hesablamağa bir partiyanın gücü çatmırsa bu, artıq dəhşətdir. Həm də, doğrudan ciddi problemdir. Təbii ki, burada iki qurumdan biri - ya Müsavat divanı, ya da Gənclər təşkilatı saxtakarlıq edib. Bu məsuliyyətin hansı tərəfə düşməyindən asılı olmayaraq, işin adı seçim saxtakarlığıdır. Normal seçim olsaydı, bu cür davaya nə gərək vardı? Demək ki, seçim adı sadəcə cəmiyyətdə görüntü yaratmaq üçün idi ki, bu da baş tutmadı. Üstəgəl prezident seçkilərinə 40 gün qaldığı vaxtda partiya daxilindəki bu saxtakarlıqdan sonra Müsavat yetkililərinin kimdənsə demokratiya umması, kimlərisə saxtakarlıq və.s cəhdlərdə günahlandırması artıq siyasət yox, yalnız şou-biznes gündəmi sayıla bilər.

Jurnalist Günel Rəhimlinin döyülməsinə heç nə haqq qazandıra bilməz. Əvvəla, o, jurnalistdir. Hər zaman qaval-zurnayla “söz adamı toxunulmazdır” dediklərindəndir. İkincisi isə o, qadındır. Bir neçə kişinin toplaşıb qadını döyməsinə ad tapmaq çətindir. Üçüncü halda isə o, nə qadın, nə də ki, jurnalistdir, sadəcə, insandır. Müsavatın daxilində hökm sürən bu halın, daha böyük səviyyədə barbarlığa çevriləcəyi ortadadır. Təsəvvür edin ki, bu gənclər hakimiyyətdədir, seçkilərdə məğlub və ya yenidən qalib olsalar, öz opponentlərinə qarşı necə davranarlar. (Həmin vaxt onların əlində silah, inzibati resusrlar, maddi təminatın olacağını nəzərə alın.)

Zatən, hər kəsə nifrət, düşmən kimi baxmaq (bu, təkcə hakimiyyət nümayəndələrinə qarşı yox, həm də müxalifətdə olan digər gənclərə, xüsusən AXCP üzvlərinə qarşı da çevrilmişdi) sonda özünə qarşı aqressivliyə dönməli idi ki, bu da onların partiyadaşı Günel Rəhimlinin başında çatladı.

Yadıma gəlir, Avropadan gəlmiş təlimçilər xüsusən müxalif gəncləri yığaraq diskussiya edirdilər. Bu gənclərin hər suala cavabda heç bir terminə, formasiyalara əsaslanmadan elə hər şeyin qarşılığında “inqilab” cavabını vermələri və yaxud “biz olsaq hər yaxşı olar” kimi təsəlliləri səhv etmirəmsə, Polşadan olan təlimçini özündən çıxartdı. O, iki əliylə başını tutaraq, “belə demokrat olmazlar” dedi. Əsəbindən auditoriyanı tərk edərək getdi və yerini azərbaycanlı təlimçiyə buraxdı.

Bu günlərdə milli şura rəhbərliyi Londona hazırlaşır. Lənkərana, Lerikə getmək əvəzinə məhz Londona. Seçimlərə günlər qalmış bu gedişin özü seçicilərindən qaçmaq, gələcək uğursuzluqda özünə təsəlli axtarmaq kimi görünür. Maraqlıdır ki, partiya daxilindəki saxtakarlıqdan sonra Londonda məhz saxtakarlıqdan danışıb kömək istəyəcəklər. Müsavat başqanı həmin başıbəlalı iclasda söylənildiyi kimi, güclü lider olsaydı, Avropa görüşləri öncəsi partiyasında belə səhvlərə yol verməzdi. Hər halda, demokratiya uğrunda mübarizə aparmaq üçün ilk növbədə öz partiyasında inqilab etmək daha yaxşı olardı.

Ən nəhayət, 1 ay sonra hakimiyyətə gəlmək iddiasında olan bir partiya belə bir biabırçı seçimdən sonra cəmiyyətə özü haqqında mesaj ötürmür? Bəs soruşmazlar ki, hansı demokratiyadan danışırsınız? Müsavatdakı seçki kimi? Etiraz edəni döymək, seçimi ləğv etmək, söyüş, yumruq-təpik və saçyoldu. Əzizlərim, bunların heç birinin «demokratiya»nın heç «tiya»sına da uyğunluğu yoxdu.


Teqlər:  





Xəbər lenti