Elnur Aslanov: `Azərbaycan Şərqi Avropanın bütün ölkələrini geridə qoyur`

Elnur Aslanov: `Azərbaycan Şərqi Avropanın bütün ölkələrini geridə qoyur`
  10 Sentyabr 2013    Oxunub:985
AzVision.az Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun AzərTAC-a verdiyi müsahibəni təqdim edir.
- Azərbaycan ildən-ilə iqtisadiyyatın rəqabətqabiliyyətliliyini artırır. Bu fakt qlobal rəqabətqabiliyyətlilik üzrə hesabatlarda əksini tapıb. Qlobal Rəqabətqabiliyyətlilik İndeksi nədir və o hansı məqsədlə formalaşır?

- Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Dünya İqtisadi Forumunun (World Economic Forum) Qlobal Rəqabətqabiliyyətlilik İndeksi (The Qlobal Competitiveness Index) şirkət rəhbərləri arasında qlobal sorğunun nəticələrinin və xüsusi statistik məlumatların kombinasiyasına əsaslanan qlobal və ən nüfuzlu tədqiqatdır.

İndeks – dövlətlərin iqtisadi sahədə dövlət siyasətinin səmərəliliyini, həyat səviyyəsini, artım tempini və s. dəyərləndirən 110 parametr üzrə göstəricilərə uyğun bölgüsüdür.

Həmin tədqiqatın nəticələrinə görə dünya ölkələrinin iqtisadi rəqabətqabiliyyətlilik göstəricisi üzrə reytinqi tərtib edilir. Qeyd etmək lazımdır ki, bu və ya digər ölkəyə münasibət təkcə onun iqtisadi sahədə əhalinin rifah halının yüksəldilməsinə istiqamətlənmiş uğurlarına əsaslanmır, bu, beynəlxalq biznesin nümayəndələrinin həmin ölkəyə münasibətdə yekdil fikridir. Ona görə ki, indi Qlobal Rəqabətqabiliyyətlilik İndeksi 140-dan artıq ölkənin 14 min biznes lideri arasında aparılan sorğunun nəticələrinə əsaslanır.

Bir faktı qeyd etmək maraqlıdır ki, analoji tədqiqatlar ənənəvi olaraq işgüzar dairələri cəlb edib, lakin məhz 2004-cü ildən bəri Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi dünyanın müxtəlif ölkələri üzrə rəqabətqabiliyyətlilik göstəricilərinin daha dolğun kompleksidir.

Qeyd etmək lazımdır ki, ekspertlər arasında menecment sahəsində Klaus Şvab, Maykl Porter kimi məşhur simalar vardır. Bu isə sorğuya daha böyük nüfuz qazandırır.

Həmin tədqiqatın əhəmiyyəti onun zəruriliyindədir – iqtisadi inkişaf və rəqabətqabiliyyətlilik yolunda maneələri aradan qaldırmağa çalışan istənilən dövlət bu sənəddən iqtisadi siyasətin xüsusi zonalarının analizi, eləcə də davamlı iqtisadi inkişafın planlaşdırılması üçün vasitə kimi istifadə edir. Başqa sözlə, bu sahədəki ekspertlərdən birindən sitat gətirərək demək olar ki, Qlobal Rəqabətqabiliyyətlilik İndeksi hər bir dövlət üçün, hər şeydən əvvəl, “bençmarkinq aləti”dir.

Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artmasını qlobal rəqabətqabiliyyətlilik üzrə hesabatlara əsasən asanlıqla izləmək olar: 2010-2011-ci illərdə Azərbaycan 57-ci yeri, 2011-2012-ci illərdə - 55-ci yeri, 2012-2013-cü illərdə 46-cı yeri tutmuşdur, 2013-2014-cü illər üzrə hesabatda isə ölkəmiz 39-cu yerə yüksəlib.

Qlobal Rəqabətqabiliyyətlilik İndeksini araşdıraraq, ilk növbədə, ölkələrin fəaliyyətinin makroiqtisadi parametrlərini və maliyyə bazarlarının vəziyyətini xarakterizə edən tərkib hissələrin qiymətinin dəyişməsi yolu ilə müasir qlobal iqtisadi uyğunsuzluqların həmin ölkələrin mövqeyinə təsirini qeyd etmək olar. Məsələn, İndeksin liderlər beşliyinə İsveçrə, Sinqapur, Finlandiya, Almaniya və ABŞ daxildir. Bununla belə, bəzi parametrlərə görə hətta bu ölkələrdə də gerilik müşahidə olunur. Məsələn, Almaniyanın əmək bazarının çevikliyi çatışmır (o, 113-cü yerdədir), ABŞ-da isə ağır ümumi iqtisadi vəziyyət və makroiqtisadi zəiflik hələ də hökm sürür (117-ci yer).

–Azərbaycan MDB ölkələri arasında ən rəqabətqabiliyyətli iqtisadiyyatı olan ölkə titulunu adına yazdıraraq, 2013-2014-cü illər üzrə dünya iqtisadiyyatlarının illik reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu qədər yüksək nailiyyətlərin əldə olunmasına hansı amillər təsir edib? Həmin qiymət nəyi ifadə edir ?

- Şübhəsiz, rəqabətqabiliyyətliliyin artması onu əyani şəkildə göstərir ki, Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, şaxələndirmə siyasəti sayəsində iqtisadi-siyasi dividendlər qazanır. Göründüyü kimi, nüfuzlu beynəlxalq təşkilatlar etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldılmasına, innovasiyalı və ya başqa sözlə “ağıllı” iqtisadiyyatın yaradılmasına yönəlmiş siyasəti, “qara qızıl”ın intellektual kapitala çevrilməsi aşkar görünən, gözəçarpan və real nəticələr verir. Milli iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bu ilin ilk yeddi ayında qeyri-neft sektoru daha 10 faiz artıb.

Dünya İqtisadi Forumunun hesabatı ilə tanış olaraq qeyd etmək olar ki, geniş əhatəli iqtisadi siyasət yürütmək, amillərin bütün spektrini və onların arasındakı qarşılıqlı əlaqələri nəzərə almaq iqtidarında olan ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyəti daha yüksəkdir.

2013-cü ildə bir çox aparıcı iqtisadiyyatlar aşağı düşmüşdür. Braziliya 48-ci yerdən 56-cı, Hindistan 59-cu yerdən 60-cı, CAR 52-ci yerdən 53-cü yerə enib.

Ənənəvi güclü iqtisadi sistemi olan ölkələrin fəallığının bu cür enməsinə baxmayaraq, son onilliklərdə şaxələnmiş iqtisadi struktura malik ölkə olan Azərbaycan mövqeyini yaxşılaşdırmış və dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutub.

2012-2013-cu illərin hesabatı ilə müqayisədə Azərbaycanın vəziyyətinin 7 bənd, 2010-2011-ci illərin hesabatı ilə müqayisədə isə 16 bənd yaxşılaşması Prezidentin iqtisadi və sosial siyasətinin səmərəliliyini və uğurlarını, milli rəqabətqabiliyyətliliyin möhkəmlənməsini, ölkənin və onun təsisatlarının iqtisadi artımın sabit tempini təmin etmək qabiliyyətini əks etdirir. Bu amillər sosial-iqtisadi siyasətin təkmilləşdirilməsi və ölkənin sürətli innovasiyalı inkişafı yolu ilə əldə edilir.

Hər bir ölkənin dünya iqtisadi sistemində layiqli yer tutmaq hüququ uğrunda sərt iqtisadi qlobal rəqabətin artması şəraitində bu ədalətli qiymətin əhəmiyyəti daha da artır.

- İndeksdən göründüyü kimi, Azərbaycan postsovet məkanından kənarda da bir sıra ölkələri xeyli qabaqlayır.

- Tamamilə doğrudur. Hələ bir neçə il bundan əvvəl biz ən rəqabətqabiliyyətli 50 iqtisadiyyatlar siyahısına daxil olmağın mümkünlüyünü müzakirə edirdiksə, bu gün Azərbaycan Prezidentinin sayəsində artıq dünyanın 40 ən səmərəli iqtisadiyyatları siyahısındayıq.

Ölkəmizin irəli sürdüyü qlobal geoiqtisadi təşəbbüslər, 1.200 000-dən artıq yeni iş yerlərinin yaradılması, yoxsulluq səviyyəsinin 46 faizdən 6 faizə endirilməsi, respublika vətəndaşlarının maliyyə imkanlarının mərhələlərlə və mütəmadi artırılması, çoxsaylı infrastruktur layihələri, ölkəmizin nəqliyyat yollarının şaxələndiyi məkana çevrilməsi, yol infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, idarəçilərin yeni kreativ sinfinin yaradılması – bu, Prezidentin gələcək üçün formalaşdırdığı tədbirlər portfelidir.

Rəqəmlərin dili ilə desək, qeyd etmək olar ki, son on il ərzində milli büdcə 19 dəfə artmışdır. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini məhz bizim ölkəmiz formalaşdırır. İqtisadiyyata 138 milyard dollardan artıq sərmayə qoyulmuşdur. Əhalinin gəlirləri 6,9 dəfə, pensiyalar 8,6 dəfə, məvaciblər isə 6,3 dəfə artmışdır.
Bu gün Azərbaycan MDB-də ən rəqabətqabiliyyətli reytinq üzrə növbəti ən yüksək rəqabətqabiliyyətli ölkə olan Qazaxıstanı 11 bənd geridə qoyur.

Eyni zamanda, Cənubi Qafqaz regionu üzrə ən yaxın qonşularımız olan Gürcüstan və Ermənistan, müvafiq olaraq, bizdən 33 bənd və 40 bənd geridir.

Xüsusi vurğulamaq lazımdır ki, Qlobal Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan Şərqi Avropanın bütün ölkələrini, eləcə də İtaliya da daxil olmaqla bir sıra inkişaf etmiş ölkələri qeyd-şərtsiz geridə qoyur. Bundan başqa, Dünya İqtisadi Forumunun reytinqində Çindən başqa bütün BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) üzvü olan ölkələr arasında Çindən başqa bütün ölkələri qabaqlayır.
Lakin Dünya İqtisadi Forumunun reytinqi Azərbaycan iqtisadiyyatının artan inkişafını əks etdirən yeganə hesabat deyildir - bu yaxınlarda “Fitch Ratings”, “Standard & Moody’s” beynəlxalq reytinq agentlikləri də Azərbaycanın kredit reytinqini yaxşılaşdırmışdılar ki, bu da aparılan islahatların uğurlu göstəriciləridir.

Qeyd etmək lazımdır ki, dünya maliyyə-iqtisadi böhranı və qiymət rəqabətinin artması ilə əlaqədar qlobal iqtisadi fəallığın azalmasını nəzərə alsaq, ölkəmizə verilən bu cür yüksək qiymətlər xüsusilə aktualdır.

- İndeks bütövlükdə Azərbaycana nə verir?

- Bu suala İndeksin əsasını qoyanlardan biri, Kolumbiya Universitetinin professoru Ksavye Sala-i-Martinin sözlərini sitat gətirməklə cavab vermək olar. O deyirdi ki, Qlobal Rəqabətqabiliyyətlilik İndeksi milli iqtisadiyyatların rəqabət qabiliyyətlərini formalaşdıran uzunmüddətli meyllər haqqında təsəvvür yaradır. Bunu nəzərə alsaq, həmin İndeks milli iqtisadiyyatları təhlil edir, həm sərmayədarlar, həm də yerli sahibkarlar üçün ən əlverişli şərait yaradır, onlar milli iqtisadiyyatın inkişaf perspektivlərinə zəmanət alırlar. Bütövlükdə, İndeks təkcə bu gün üçün nəzərdə tutulmamışdır, o həm də dövlətin və cəmiyyətin gələcək inkişaf perspektivlərini təhlil etmək və proqnozlaşdırmaq üçün zəmin yaradır.
Buna görə də, Azərbaycanın Qlobal Rəqabətqabiliyyətlilik İndeksindəki sanballı uğuru haqqında danışarkən qeyd etmək lazımdır ki, Prezident tərəfindən qəbul olunmuş, milli iqtisadiyyatın inkişaf vektorunu əks etdirən, hakimiyyətin öz qarşısına hansı məqsədləri qoyduğunu əhaliyə nümayiş etdirən “Azərbaycan-2020: gələcəyə baxış” proqramı böyük əhəmiyyət kəsb edir.

Başqa sözlə, qərəzsiz və nüfuzlu tədqiqatlarda təqdim olunan məlumatları əsas götürərək, əminliklə demək olar ki, son on ildə Prezident ölkənin səmərəli gələcəyinin təməlini qoyub.

AzVision.az



Teqlər:





Xəbər lenti