Əli bəy Hüseynzadənin 91 ildən sonra Azərbaycana gətirilən arxivi - FOTOLAR+VİDEO

Əli bəy Hüseynzadənin 91 ildən sonra Azərbaycana gətirilən arxivi - FOTOLAR+VİDEO
  23 Oktyabr 2017    Oxunub:30487
Əli bəy Hüseynzadə Azərbaycanın üçrəngli şanlı bayrağının qəbul edilməsində böyük xidmət göstərmiş tarixi şəxsiyyətlərdən biridir. “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı bayraqdakı üç rəngin açmasıdır. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı isə 1918-ci il iyunun 21-də verilib. Ondan sonra Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlətçilik düsturu kimi formalaşıb.


Əli bəy Hüseynzadə irsini tədqiq edən alimlərin verdiyi bilgiyə görə, bu böyük şəxsiyyət uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində iz qoyub. 20-ci əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri var.



1911-ci ildə İstanbulda Əthiyə xanımla evlənən Əli bəyin Saida bəyim, Səlim Turan, Feyzavər adlı üç övladı olub.



Əli bəy Hüseynzadənin həyatda olan yeganə övladı Feyzavər xanım Alpsar bir neçə ay öncə atasının sənət əsərləri, foto-sənədləri və şəxsi əşyalardan ibarət arxivini Azərbaycan İstiqlal Muzeynə hədiyyə edib.



Muzeyin Elmi-kütləvi işlər şöbəsin müdiri Sədi Mirseyiblinin sözlərinə görə, İstanbuldan gətirilən 161 əsərə Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri, şəxsi əşyaları daxildir.



Ümumimilikdə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana gətirilib. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub. 7 ədəd şəxsi möhürü də bu siyahıya daxildir.



Qeyd edək ki, illər öncə İstanbulda Sultan Həmidin əleyinə gənclərdən ibarət qrup yaradıblar. 12 nəfərə yaxın tələbəni hökumət həbs etmək istəyib. Onların bəzilərinin boyunlarına daş bağlayıb, Bosfor boğazına atıblar. Tələbələr Əli bəyi Qapalı Çarşı adalanan yerdə bir evdə gizlədiblər. Əli bəy bir müddət həmin evin sakinləri ilə yaşayıb və ailənin bütün üzvlərinin portretlərini çəkib. Həmin şəkillər indi də muzeydəki kimi o evin divarlarından asılıb.



Daha sonra Əli bəyi ölümdən xilas etmək üçün ona xanım paltarı geyindirib, evdən çıxarıblar. Gəmidə taxta çəlləklərin içində gizlədiblər. Nəhayət, gəmi Hind okeanına tərəf yola düşüb. Bununla da tələbələri Əli bəyi ölümdən xilas ediblər. Bu zaman Əli bəy yalnız doğmalarının potretini sinəsinə basaraq özü ilə götürüb. Əli bəy rlon formasında olan şəkillərlə xeyli müddət gəmidə gizlənməli olub. Həmin portret də Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunub.



Həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Ə. Hüseynzadə tərəfindən çəkilən şəkilləri də muzeyə bağışlanıb. Feyzavər xanımın sözlərinə görə, M. K. Atatürkün dünyasını dəyişməsi xəbərini eşidən Ə. Hüseynzadə çəkdiyi həmin rəsm əsərin qarşısında göz yaşlarını saxlaya bilməyib.



Muzeyə təqdim olunan əşyaların arasında Ə. Hüseyzadənin qələmi, saatı, ailə üzvlərinin adları üzərində həkk olunmuş möhürlər, üzükləri, vizit kartları və musiqi aləti də var. Ümumilikdə isə onun şəxsi arxivi 91 ildən sonra Azərbaycana gətirilib.



Xatırladaq ki, Əli bəy Hüseynzadə 1864-cü ildə Salyanda anadan olub. O, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, "Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq (müasirləşmək)" triadasının yaradıcısı, Azərbaycan bayrağındakı rənglərin müəllifi, türk dünyasında milli özünüdərkin və milli istiqlal düşüncəsinin müəlliflərindən biridir. Əli bəy Hüseynzadə ömrünün 46 ilini İstanbulda yaşayıb.














































Əli bəy Hüseynzadənin oğlu Səlim Turan



Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video-montaj: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az



Teqlər: Əli-bəy-Hüseynzadə  





Xəbər lenti