Məşhur azərbaycanlı Karmenin acı taleyi: Atalığı onu zorla diləndirirmiş...

  01 Noyabr 2017    Oxunub : 24233
Məşhur azərbaycanlı Karmenin acı taleyi: Atalığı onu zorla diləndirirmiş...

Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova hələ də unudulmayıb. O, dünya opera sənətinin ulduzlarından biri kimi daim ürəklərdə yaşayır, yad edilir...

AzVision.az –ın növbəti yazısı opera müğənnisi, Xalq artisti Fatma Muxtarovaya həsr olunub.

-1953-cü il. Fatma Muxtarovanın sevimli operası “Qara toxmaq qadın”ı yeni quruluşda hazırlayırdılar. Və Polina rounun ifaçısı, gənc müğənni Maxova Fatma xanımı roluna baxmaq üçün məşqə dəvət etmişdi. Muxtarova həmişə yaxşı yoldaş olmuşdu və həmişəki kimi yenə qürurla hərəkət etdi. (teatrın isə nə rəsmi, nə də şifahi dəvəti var idi.) Məşqə getdi. Fatma xanım xidmət keçidinə daxil olanda (O, bu keçiddən otuz il keçmişdi) onu administrator saxladı.

“Mən, Muxtarovayam”- deyib keçmək istədi. Adminsitrator taxtaya vurulmuş elanı göstərdi: "Kənar şəxslərin girişi qadağandır".

“Buradan ancaq mənim tabutum keçəcək”,-deyərək aktrisa həmişəlik teatrdan çıxıb getdi və yatağa düşdü. Sözünün də üstündə durdu. Düz 19 il sonra onun cənazəsi teatrın binasından içəri girdi.

Bu barədə N. İsmayılova “Qobustan” incəsənət toplusunda “Dünyanın ən gözəl Karmeni”nində yazırdı.



Bu idimi kədərli uşaqlığın, əziyyətli gəncliyin mükafatı? Axı, Fatma xanım onsuz da qəlbi sınıq, bir qarnı ac, bir qarnı tox böyümüşdü. Uşaqlıq illərini həmişə kədərlə, nisgillə yada salardı...

Doğrudur, o illərin yarasını böyük ümidlərlə, istədiyi həyatı yaşayacağı inamı ilə sağaltmışdı. Onda uşaq idi. Yaralarının sağalması üçün zaman var idi.İndi isə vaxt onu sevimli Karmenindən, Amnerisindən, Dalilasından ayırmışdı.

Birdən-birə ona təklif etmişdilər ki, təqaüdə getsin, dincəlsin. Fatma xanım isə bunu “sən artıq qocalmısan, sən gərəksizsən. Teatra yüksən" kimi qəbul etmişdi. Buna görə də incik qəlblə, heç kimə bir kəlmə belə demədən 1952-ci ilfdə teatrdan ayrıldı.

Səhnəmizin canlı əfsanəsi o qədər incik idi ki, Mastro Niyazinin teatrda məsləhətçi olmaq təklifinə bəhanələrlə cavab vermişdi: “Bilirsən, Niyazi, aktrisalarda qəribə qısqanclıq olur. Görəcəyəm ki, mənim bir vaxt oynadığım rolları indi başqaları oynayır, azacıq da olsa həsəd aparacağam. Yox, məsləhətçi də işləmək istəmirəm. Yorulmuşam”.

Maestro nəql edirmiş ki, Fatma xanım səhnədən gedəndən sonra səhnə paltarlarını sobada yandırıbmış...

....

Fatma Muxtarova Urmiyada anadan olub. O, hələ körpəikən ailəsi Urmiyadan Rastova köçmüşdü. Atası gözəl bariton səsli küçə müğənnisi olub, yaxşı da qazanırmış. 1901-ci ildə 28 yaşında olanda o, soyuqdəymədən vərəmə tutulub və vəfat edib. O zaman balaca Fatmanın 3-4 yaşı olardı.

Fatma Muxtarovanın xatirələrindən :

Onun haqqında xatirəmdə böyük, güclü və...zərif bir adamın təssüratı qalıb. Anamın deməsinə görə, o məni çox istəyirmiş. Atam səsini mənə miras qoyub, uşaqlığımı, sevincimi özü ilə apardı. Kədər və zəhmət dolu günlərimiz başlandı”.

Fatmanın anası ikinci dəfə iranlıya ərə gedib. Ancaq bu nikah Fatmanın əzablı günlərinin başlanğıcı olub:

Atalığım alver edirdi, yüngül yolla qazancı və “şən həyatı” xoşlayırdı. Biz zirzəmilərdə və daxmalarda yaşayırdıq. Atalığım ailəsinə heç nə vermirdi. O, tez-tez anamı və təsadüfən əlinə keçəndə məni də döyürdü. Bu döyməklərlə atalığım anamın ürəyini elə daşa döndərmişdi ki, anam məni qara günlərin səbəbkarı sayırdı. Onlar mənə ona görə dözürdülər ki, artıq səkkiz yaşından onları saxlayırdım. Mən evdən gedəndən sonra isə atalığım anamı atdı....

Yeddi yaşım vardı. Şəhərdən-şəhərə köçə-köçə Peterburqa gəlib çıxdıq. Orada güzəranımız hər vaxt olduğundan daha pis keçirdi. Valideynlərim qərara gəldilər ki, məni dilənməyə göndərsinlər. Nə qədər ağlsam da, yalvarsam da xeyri omadı. Məni küçəyə itələyib, dedilər ki, pulsuz qayıtsan, içəri buraxmayacağıq.

Qərib, soyuq şəhərdə uzun-uzadı veyilləndim. Lakin əlim “uzanmadı”. İçimdəki utancaqlıq duyğusuna üstün gələcək qüvvə tapa bilmirdim. Soyuğun və küləyin əlindən dörd tərəfdən hündür daş binalarla çevrələnmiş həyətlərdən birinə girdim. Divara söykənib qalmışdım. Atamı, onun özü ilə apardığı yaxşı günlərimizi, uşaqlığımızı xatırladım. Ardınca da oxumağa başladım: “Suxoy bı ya koroçkoy pıtalas”. Oxuduğum sözləri dəhşəli dərəcdə təhrif edirdim. Rus dilinə yaxşı bələd deyildim. Lakin səsim hər şeyi ört basdır edir, məni ürəkləndirirdi.

Pəncərələr açıldı. Adamlar mənə cır-cındır geyimli qıza maraqla baxır, gümüş və ağ pullar atırdılar.

O vaxt mən say bilmirdim və ilk qazancımı saya bilmədim. Ancaq mənə elə gəlirdi ki, burada bir milyon pul var. İlk "konsertimdən" sonra səsim bərk xırıldadı, ancaq evə şən və qürurla qayıtdım”.




Arıq, çəlimsiz qızcığazın üzərinə ağır bir məsuliyyət qoyulmuşdu: "İşləyib ailəni saxlamalısan". Buna görə də evə gətirdiyi pulla valideyinləri ona şarmanka aldılar və küçə müğənniləri ilə nəğmə dərsləri başlandı.

Fatma Muxtarova: “Anam onları çoxdan, atamın peşə yoldaşları kimi tanıyırdı. Mənasını gücələ tanıdığım o sözləri öyrənmək çox müşkül idi. Elə düşünməyin ki, şarmankanın mexaniki ritmi altında oxumağa uyğunlaşmaq asan idi. Heç cür təsəvvür etmək olmurdu ki, haçan nəfəs dərmək lazımdır. Hər şey bir- birinin ardınca gedirdi. Ancaq sonra mənə dəf verdilər. İşim bir az yüngülləşdi. Dəfi mən çalırdım, indi şarmanka mənim oxumağımın ardınca “gedirdi”.

8 yaşlı qızcığazın nəfəs dərməyə belə vaxtı olmurdu. Səhərdən axşamadək oxuyurdu. Çünki ailənin bütün yükü onun üzərində idi. Atalığı Səttar kişi də bir yandan göz verib, işıq vermirdi. Elə ki, Fatma evə az pul gətirirdi, atalığı onu döyürdü.

Səttar kişi onda hardan biləydi ki, qara qəpiyə görə döydüyü bu qız tarix yazacaq. İnsanlar ona həsrətlə tamaşa edəcklər. Qəzetlərdə onun haqqında: "Bu səs xəncər kimi yaralaya da bilər” yazacaqlar...

Fatma Muxtarova: “Elə bir şəhər yox idi ki, tale bizi ora qastrola aparmasın. Boyum balaca idi deyə, məni ücüncü dərəcəli vaqonda pulsuz aparırdılar. Mən aşağıda gizləndiyimdən yalnız vaqondakıların ayaqlarını görürdüm. Bir də kanduktr hürksü var idi. Qatarın pəncərəsindən görünən mənzərələr haqqında heç təsəvvürüm belə yox idi. Həmişə maraqla gözləyirdim ki, qatardan düşəndə hansı mənzərə ilə qarşılaşacağam. Soyuq, qarlı bir şəhərdən düşəndən sonra qəfildən günəşlə, istiliklə, yaşıllıqla qarşılaşırdım. Ən çox Tiflisdə qazanırdım. Oranın camaatı çox xeyirxahdı və mahnıları sevir. Görürdün ki, hansısa gürcü qədəhi şərabla doldurub içərisinə 5 və ya 10 manatlıq pul atdı: “Əgər içsən qədəhin dibindəki pul sənindir”. Ya da alnıma əskinas yapışdırdılar ki, "belə oxu”.

O vaxt şarmankaçılar arasında mən məşhur idim. Mənə ukraynalı kastyumu geyindirər və Katya çağırardılar. Anam mənim əsil adımı gizlədərdi. Bizim düşmənlərimiz “fironlar” adlandırdığmız polislər idi. Hansısa bayramda, ya bayram ərəfəsində, ya da orucluq vaxtı bizi bir yerə yığıb polis idarəsinə aparırdılar ki, protokol bağlasınlar. Şarmankanı və ya qarmonu tutub əlimizdən alırdılar”.


Fatma Muxtarovanın taleyində həll edici dönüşlər başlanıb. "Saratovskiye vedomosti" qəzetinin redaktoru N.M.Arxangelskinin, Saratov Konservatoriyasının professoru M.Y.Medvedevin köməyi ilə o, Saratov Konservatoriyasında ilk dəfə konsert verib.

“Saratov taleyimi həll etdi. Artıq 14 yaşım vardı. Mən N. M Arangelskinin həyətində az oxumamışdım. Bu şəhərin köhnə sakini kimi şöhrəti, nüfuzu böyük idi. Tez-tez mənimlə hal-əhval tutardı. Soruşardı ki, kiməm, atam, anam kimdir. Harada yaşayıram. Haqqımda bir neçə dəfə məqalələr yazmışdı. Bütün şəhər bu barədə danışırdı və birdən-birə hiss etdim ki, mənə olan münasibət tamam dəyişib. “Saratov” cəmiyyəti konservatoriyada mənim konsertimi təşkil etdi. Bu konsertdən yığılan pul təhsil almağım üçün sərf olunmalıydı. Mənə paltarlar, ağ əlcəklər, qəşəng manto geyindirdilər. Karetaya mindirib konservatoriya gətirdilər. Orada köhnə dostarım olan polislər artıq təzim edərək məni qarşılayırdılar. Onlara əmr olunmuşdu ki, analığımı və atalığımı konsertə buraxmasınlar. Çünki onlar demişdilər ki, belə birabırçılığa yol verməyəcəklər. Yığılan min beş yüz manatı məşhur violençalan N-ya verdilər və məni ona tapşırdılar ki, tərbiyəmlə məşğul olsun. Çox mülayim xasiyyətli aşpaz qadınla mətbəxdə yaşayırdım. Həmin qadın olmasaydı, bu “ədəb-ərkan”lı evdə üç gündən artıq qala bilməzdim, özümü asardım. Mənə veriləcək tərbiyənin vəzifələrini çox yaxşı anlayan N.xanım məni məcbur edirdi ki, döşəmələri, qab-qacağı yuyum, evləri təmizləyim.

Mənim üçün ən çətin sınaqsa hansısa “xeyirxah”ın bu evə qonaq gəlməsi idi. Tələm-tələsik qəşəng paltar geyindirib “ağalar”la bir mizin arxasında oturdurdular. Bütün bunları dostum Arxangelskiyə danışdım. O, qərara aldı ki, bu tərbiyə dərslərini kəssin və məni konservatoriyaya düzəltsin. O, İran səfiri vasitəsi ilə ata-anamı yola gətirdi. Səfir valideyinlərimi hədələdi ki, bu deyilənə qula asmasalar, onları İrana sürgün edəcək. Özlərinə də bir qədər pul verib, ürəklərini ələ aldı”.


Konsetvatoriyada heç kim qızcığazla işləmək istəmirdi. İsti-soyuq demədən oxuyan Fatma xanımın səsi xırıldayırdı. Hamı düşünürdü ki, ondan bir şey çıxmayacaq.

“Doğurdan da görürdün ki, bəzən şaxtada qavalı üzümə tutub küləkdən qorunurdum. Oxuduqca qavala boğazımdan qan damlaları sıçrayırdı. Yalnız M.Y. Medvedyev qərara aldı ki, mənimlə məşğul olmağı sınaqdan keçirtsin və nəticəsini bir aydan sonra müəyyən etsin.

Təsəvvür edin, bir hərf belə tanımıram, rusca çox pis bilirəm. Mənimlə məşğul olmaq üçün böyük səbr lazım idi. İki həftə sonra o, bildirdi ki, mənimlə məşğul ola bilər. Bundan sonra hökumət hesabına oxumağa başladım”.


Konservatoriyada oxuduğu illərdə belə ailəsi Muxtarovanı rahat buraxmayıb. Onu məcbur ediblər ki, tətillərdə qastrollara gedib, pul qazansın. Bu qastrollar zamanı o, bir dəfə Bakıda da olub.



1914-cu ildə kanservatoriyanı bitirən Fatma Muxtarova ailə həyatı quraraq valideyinlərini tərk edib. O, həyat yoldaşı ilə birlikdə Moskvaya köçüb. Onu çox sevən həyat yoldaşı Aleksandr Malinin Fatmanı Səttar kişinin caynağından xilas etmək üçün atalığının bütün tələblərini yerinə yetirib- adını dəyişdirib, müsəlmanlığı qəbul edib.

Atalığı ilə Fatma Muxtarova axrıncı dəfə 1932-ci ildə opera ulduzu olduğu, Leninqradda S. M. Kirov adına Opera və Balet Teatrında işlədiyi vaxtlarda qarşılaşıb. O zaman Fatma xanımın 39 yaşı var idi. Təsadüfən küçədə görüb. Atalığı çəkmə silirmiş. Fatma xanım uzun müddət ona dayanaraq baxıb. Birdən o, başını qaldırıb və Fatma xanımı tanıyıb. “Sanki o anda gözünün işığı söndü, tez başını aşağı saldı”.

F.Muxtarovanın ailə həyatı qurandan sonra işləri yaxşı gedirmiş. S.İ. Zimin onun oxumağını bəyənib öz teatrına dəvət etmişdi.

Şəxsi həyatında da hər şey yolunda idi. 1919-cu ildə qızı Leyla dünyaya gəlmişdi. Ailədə xoşbəxt olan müğənni səhnədə şöhrətin astanasında idi. Daha sonra onun Saratova, Rastova, Xarkova qastrol səfərləri başlayıb.

“1928-ci ildə heç gözləmədiyim halda Xarkovdan “Köhnə borc”mu aldım. Oradan məni xoşbəxtliyim başlandı. Xarkovdan OdessaKiyevə ilk müstəqil qastrollara çıxdım. Sonra Bakı, Tiflis, SSRİ-nin bütün böyük şəhərlərində qastrol səfərlərində oldum”.

Qeyd etdyimiz kimi, Muxtarova əvəllər də Bakıda qastrol səfərlərində olub. Ancaq onun Bakıya dönüşü 1928-ci ilə təsadüf edib. O, 25 il Azərbayacan opera səhnəsində bir-birindən gözəl rolları oynayıb.

Fatma Muxtarova ilə 15 il birgə çalışan Ağbaba Bünyadzadə: “Mənə İlk dəfə Eskamilyo rolu tapşırılmışdı. Fatma xanımın, Karmenin sevgilisini oynacaqdım. Tamaşanın başlanmasına iki saatdan çox vaxt qalmışdı. Teatra gəldim. Fatma xanımın otağının qarşısından keçəndə onun geyindiyini tamaşaya hazırlaşdığını gördüm. Bu, onun sənətə necə bağlı olmasını, tamaşa qabağı nə qədər məsuliyyət daşımağını mənə əyani olaraq sübut etdirdi. Həddən artıq tələbkar idi”.

Fatma Muxtarova səhnə ilə Tiflisdə 1953-cü ildəki axrıncı qastrol səfəri zamanı vidalaşıb. Çünki Bakıda onu təqaüdə göndərmişdilər.



Ən kədərli məqam isə 1963-cü ildə olub. Gürcü operası Bakıya qonaq gəlib. “Daisi” operası səhnədə oynanılacaqmış. Teatrın rəhbərliyi parterin ilk cərgələrini hörmətli qonaqlar üçün saxlayıbmış. Yerlərdən ikisi gürcü qonaqların arzusu ilə Fatma Muxtarovanın idi. Gürcü operaçıları isə Fatma Muxtarova ilə görüşməyi həsrətlə arzulayırmışlar. Ancaq o, gəlməyib.

Ertəsi gün Gürcüstan teatr muzeyinin mudiri Nunu Mesxi və məşhur gürcü opera müğənnisi Batu Kraveyşvili Fatma xanımın evinə gediblər. Qonaqları görən Fatma xanım əvvəlcə onları tanımayıb, kim olduqlarını öyrənəndən sonra isə: “əgər mənə əvvəlcədən xəbər versəydiniz, sizi qəbul etməzdim. İstəyirəm ki, tiflislilər məni həmişə gənc, gözəl xatırlasınlar. İndi gördüyünüz kimi yox”, - deyib.

O, sevimli səhnəsindən illərdir ki, ayrı düşmüşdü. Bir zamanlar işıq saçan gözləri indi yaşlanmışdı, sönükdü. Daha onun gözəlliyi göz qamaşdırmırdı.

...

Gürcü rejissoru İ. Klavişvili “Çətin yollarla ” kitabında bir fəsli Fatma xanıma həsr edib. Həmin fəsildən bir məqam: “Fatma Muxtarovanın öz yaradıclıq prinsipləri var idi. O, bu prinsipləri cəsarətlə, yeri düşəndə lap saymazyana bir tərzdə müdafiə edərdi. Özü də belə hallarda qaba ifadələri işlətməkdən çəkinmirdi. Yavaş-yavaş biz onun qəşəng “sözcüklərinə” öyrəşmişdik. Və heç kəs də incimirdi.

Yadımdadır. “Karmen”in məşqində drijor A. V Pavlov Arbenin onu saxlayıb dedi: "Madam Muxtarova, siz bu yerdə ritmdən çıxırsınız”. Muxtarova ona sarı çevrildi və bərkdən elə səhnədə dedi: “Maestro, gedin s..”
Drijor özünü itirdi: “Siz mənə deyirsiniz bunu?”.

"Bəli, sizə" - Fatma xanım halını dəyişmədən cavab verdi. Maestro drijor çubuğunu pulta vurub, dilləndi: "Eksentrik qadındır. Nə isə, davam edək”
.

.. Fatma xanım teatrdan ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz sənəti ilə bağlı səndləri, fotoları toplamaqla yaşayıb. Ömrünü, keçmişini həmişə nəvəsi Svetlanaya nağıl kimi danışarmış...

Bir uşaq oynayır əlində qaval,
Bir uşaq oynayır dişində dəsmal,
Bir uşaq oynayır telləri qıvrım.
Çıxır qaraçılar küylü şəhərdən –
Qızcığaz oğrunca boylanıb hərdən
Baxır uzaqlaşan arabalara...

(“Qaraçı qızı” Adil Babayev Fatma Muxtarovaya həsr edib).

Qeyd edək ki, təqdim etdiyimiz yazı Rafael Hüseynovun “Min ikinci gecə” kitabı əsasında hazırlanıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: #FatmaMuxtarova