Səhiyyə Nazirliyi: 600 körpə qüsurla doğulub

Qeyd olunub ki, bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150325, hospitalizasiya 12354, miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın, insultla müraciətlərin sayı 3728, hospitalizasiya 3311 olub.
Keçən illə müqayisədə miokard infartı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb.
Bildirilib ki, pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 600 körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.
Eyni zamanda təcili tibbi yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: SəhiyəNazirliyi