Namin Bünyatov 1983-cü ildə Şəmkirdə anadan olub. Əvvəllər ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant kimi xidmət edən Namin hazırda neft platformalarında ip işləri üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirir. Keçmiş kəşfiyyatçıdır. Üzgüçülük, güləş, qaydasız döyüş növləri ilə məşğul olub.

N.Bünyatov İsveçrədə qış-dağ kursunu keçib. Xizək sürməkdən tutmuş, şiddətli soyuqlarda həyatda qala bilmək kimi təlimlərə qatılıb. O, həmçinin şəhərin hündür binlarının şüşələrinin təmizləməsində iştirak edib.

Keçmiş kəşfiyyatçı Gürcüstanda 5033 metrlik zirvəni, Elburus zirvəsini (eyni zamanda bu Avropanın ən hündür zirvəsidir), İranın cənubunda 4500 metrlik Hezar zirvəsini fəth edib. Eyni zamanda Dəmavənd (5671m) dağına da çıxıb. O, Azərbaycan Alpinizm tarixində ilk dəfə olaraq Azərbaycanın bayrağını Qafqazın ən çətin, ən təhlükəli və eyni zamanda ən gözəl zirvələrindən biri olan Uşba-nın şimal zirvəsində dostları ilə birgə dalğalandırıb.

Babur Hüseynov 1990-cı ildə Astarada anadan olub. O, bir sıra ekstremal idman növləri ilə məşğul olub, dəfələrlə paraşüt turları təşkil edib. Onun ən sevimli idman növü isə alpinizmdir. Kazbek dağına və İlham zirvəsinə yürüşlər edib. B.Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

Fəridə Cəbrayılzadə isə dağçılıqla yanaşı, fotoqrafiya ilə məşğul olub.

Şahanə Rəhimli
AzVision.az