“Bakmil” stansiyası yenidən qurulur

  27 Dekabr 2017    Oxunub : 1067
“Bakmil” stansiyası yenidən qurulur
Metronun “Bakmil” stansiyasında sərnişin platforması yenidən qurulur.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

1970-ci ildə istismara verilən və 9 il sonra yenidən qurulan Bakı Metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil” stansiyasında bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbinə çevrilib. Dövrün tələblərinə uyğun olaraq, "Bakmil" stansiyasında avqust ayından başlanmış təmir-bərpa işlərinin birinci mərhələsi artıq yekunlaşmaq üzrədir.

Təmir müddətində fəaliyyətini davam etdirən stansiyanın yenidən qurulması üzrə işlər Bakı Metropoliteninin təhlükəsizlik tələblərinə ciddi riayət edilməklə tərtib edilmiş tədbirlər planına uyğun olaraq mərhələli aparılır.

Birinci mərhələdə stansiya platformasının qatarın üç vaqonunu əhatə edən 54 metrlik hissəsi bərpa edilir. Qeyd edək ki, platformanın daha etibarlı, davamlı və uzunömürlü olmasını təmin etmək məqsədilə onu yenidən qurmaq lazım gəlir. Bu məqsədlə döşəmə örtüyü tamamilə sökülərək hər 6 metrdən bir yeni dayaqlar, həmçinin rigellər qoyulmaqla yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması qurulur.

Plaftormaaltı sahədə kabel kollektoru yenidən tikilib. Döşəməsinin betonlanması işi aparılıb, su axıntısı üçün müvafiq maillik təmin edilib, təbii işıqlandırma, havalandırma və plaftormaaltı sahəyə nəzarət məqsədilə pəncərə yerləri qoyulmaqla yan divarlar inşa olunub, suvaq işi aparılıb. Platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı da ləğv edilib. Hazırda burada park yollarına standartlara uyğun yeni keçid qapısı və pilləkən qoyulur. Həmçinin təmir aparılan hissənin gözləmə zalında da mərmər və qranit örtüyün sökülməsi planlı sürətdə davam etdirilir. Yaxın günlərdə platformanın bu hissəsində xüsusi tamamlama və memarlıq-bərpa prosesinə başlanılacaq.

Qeyd edək ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, platformanın əks tərəfində təmir yalnız birinci 54 metrlik hissədə işlər tam başa çatdırıldıqdan sonra aparılacaq. Gələcəkdə stansiyanın istismar funksionallığını artırmaq, infrastrukturun səmərəliyini və sərnişin rahatlığını təmin etmək məqsədilə bir sıra digər əhəmiyyətli yeniliklərin tətbiqi də nəzərdə tutulub.

AzVision.az

Teqlər: Metro   Bakmil