Ağcabədidə narkotik alverçiləri tutuldu

  30 Dekabr 2017    Oxunub : 961
Ağcabədidə narkotik alverçiləri tutuldu
Daxili işlər orqanları əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində belə hüquqazidd əməllə məşğul olan şəxslər ifşa edilib, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Mikayıl Bağırov narkotik vasitə olan marixuananı şərti alıcıya 125 manata satarkən saxlanılıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yuxarı Qiyamadınlı kənd sakini Qəzənfər İsmayılov da saxlanılıb. Polis əməkdaşlarının apardıqları profilaktik söhbətlər nəticəsində o, evində gizlətdiyi narkotik vasitəni təhvil verməyə razı olub. Yaşadığı evdə ayrı-ayrı yerlərdə torbalarda, kibrit qutularında və bükülü halda olan külli miqdarda narkotik vasitəni könüllü surətdə polis əməkdaşlarına təqdim edib.



Ekspertizaya təqdim olunan həmin narkotikanın ümumi çəkisinin 10 kiloqramdan artıq marixuana olması barədə rəy verilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

AzVision.az

Teqlər: DİN   Ağcabədi