Xaçmazda yeni avtomobil yolu inşa edilir

Xaçmazda yeni avtomobil yolu inşa edilir
  10 Yanvar 2018    Oxunub:1834
Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun təmir-tikinti işlərinə start verilib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, yenidən qurulan və 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 km-dir.

Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

Yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Hazırda tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görüləcək. Ümumilikdə, yolun 170 min m2-də çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa, yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün suötürücü boruları tikintisi, mövcudların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yolboyu yaşayan vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.

AzVision.az


Teqlər: Xaçmaz   Yol  





Xəbər lenti