
Komitə rəsmisi AzVision.az-a bildirib ki, nikah müqaviləsinin məcburilik formatına keçirilməsi mümkünsüzdür. Onun sözlərinə görə, bu, beynəlxalq praktikaya, milli qanunvericiliyə, həm də bütün normalara əsasən mümkün deyil.
“Boşanmaların azaldılması ilə bağlı bu səpkidə digər addımların atılması mümkündür. Müqavilədə digər məqamların açılması, onların məsuliyyətə cəlb edilməsi, nikaha daxil olanda tərəflərə tövsiyyə xarakterli məlumatların təqdim edilməsi qeyd edilə bilər. Bunlar bəzi hallarda psixoloji məqamları nəzərə alaraq sığortalamaq məqsədilə boşanmaların müəyyən faizini azalda bilər. Lakin nikah müqaviləsi daha çox iki tərəf arasında əmlak hüquqlarını və hüquqi tənzimləməni, yaşayış yeri, ailənin və uşaqların təminatını müəyyən edir. Nikah müqaviləsinin formatı daha böyük məqsəd daşıyan amildir, nəinki boşanmaların sayının azaldılmasına təsir edən sənəd. Nikah müqaviləsinin məcburi olması mümkünsüzdür”.
E.Səfərov qeyd edib ki, vətəndaşın konstitusion hüquqi var ki, nikahda olan şəxslə yaşasın və ya yox. “Heç kim bunun qarşısını ala bilməz. Biz yalnız stimullaşdırıcı addımlar nəzərdə tuta bilərik. Məsələn, boşanmanın qarşısının alınması üçün maarifləndirmə tədbirləri görülməlidir. Bununla bağlı ayrıca tədbirlər planı qəbul edilməlidir. Problemin qarşısının alınması üçün dövlət qurumları bu sahədə stimullaşdırıcı addımlar atmalıdır ki, nikahların sayı artsın, boşanmaların sayı azalsın. Nikaha daxil olanda məsuliyyətin dərinliyini hiss etməsi üçün gənclərə ailə təlimlərinin keçirilməsi vacibdir. Bu, imkan verəcək ki, həmin gənclər məsələyə daha məsuliyyətlə yanaşsınlar.
Ailədə məişət zorakılıqları olarsa, tərəflər psixoloji yardıma yönəldirə bilər ki, hadisə təkrarlanmasın və boşanmaya gətirib çıxarmasın. Sosial problem varsa, aradan qaldırılması üçün addımlar atılmalıdır. Ailədə tərəflərin bir-birini başa düşmək problemi olanda, daha çox psixoloq yardım edə bilər. Boşanmanın qarşısının alınması üçün preventiv addımlar atıla və məsləhət xararakterli sənədlər qəbul edilə bilər”.

Komitə rəsmisi qeyd edib ki, boşanma ərəfəsində olan ailəyə psixoloji yardım etməklə müəyyən faiz boşanmanın qarşısını almaq olar. Lakin nikaha daxil olan gəncləri psixoloji təlimlərə göndərməklə onların bu məsuliyyətə hazır olub-olmadıqları müəyyən etmək mümkündür.
“Onlar ailə qurmağa hazır olub-olmadıqlarını bilməli, məsuliyyət hiss etməlidirlər. Araşdırılmalıdır ki, bu, bir ay ərzində tanışma və ya internet görüşməsindən gələn qərardır, yoxsa yox? Biri var ki, tərəflər nikaha daxil olana qədər hər hansı problemi həll edə bilirlər, bir-birilərinə can deyib, can eşidirlər. Biri də var, nikaha daxil olurlar, birinci problemlə rastlaşırlar və 3 ay, 7 ay sonra boşanırlar. Belə olan halda ailənin saxlanılmasına diqqət edilir. Tərəflərin birgə yaşayışı mümkünsüz olursa, o zaman sülh şəraitində ayrılmaları əsas götürülür. Uşaq varsa, onun proseslərdən təsirlənməməsi ən vacib məqamlardan olur”.
Aytən Zəhra
AzVision.az