“Son illər vərəmdən ölüm faktları azalıb, ancaq illər keçdikcə vərəmin dərmanlara davamalılığı formalaşıb. Vərəmin yaranma səbəbləri araşdırılanda məlumdur ki, xəstəlik düzgün müalicə olunmayıb. Belə hallar bizdə mövcuddur. Doğrudur, bəzi həkimlər Səhiyyə Nazirliyinin əmrlərini pozaraq, vərəmli xəstələri qeydiyyata götürmürlər. Burada hər iki tərəfin marağı var. İnsanlar istəmirlər ki, yaxınları bunu bilsin”.
Vərəmə qarşı cəmiyyətdə müəyyən stiqmanın olduğunu deyən H.Qədirova qeyd edib ki, insanlar bu diaqnozun özlərində təsdiq olunmasını istəmirlər. “Hansısa yolla qeydiyyata düşmədən müalicə almağa çalışırlar. Bu, nəticə etibarı ilə pis sonluqlara gətirir. Çünki rəsmi qeydiyyatda olmayan xəstələr tam həcmdə müayinə və müalicə ola bilmirlər. İlk növbədə molekulyar-genetik müayinələrdən keçə bilmirlər. Vərəmin davamlılığını təyin etmək məqsədilə müayinələrin aparılması olduqca vacibdir. Əgər bu müayinələr aparılmırsa, o zaman kor-koranə müalicə gedir, nəticədə xəstələrin vəziyyəti ağırlaşır. Bəziləri ağır vəziyyətdə bizə müraciət edir, bəziləri isə dünyasını dəyişir”.

H.Qədirova vurğulayıb ki, qeydiyyata alınmadan vərəmli xəstələrin müalicə olunması bir neçə dəfə aşkar olunub. Bundan sonra da nöqsana yol verən həkimlər cəzalandırılacaq: “Hətta bizim institutda da belə hallar baş verib, onlara qarşı ciddi tədbirlər görülüb. Buna görə töhmət alan və işdən çıxarılanlar var. Biz belə həkimlərlə mübarizə aparırıq və çalışırıq ki, belə hallar aradan götürülsün. Bu məsələnin həlli məqsədilə Səhiyyə Nazirliyi tərəfindən vərəm əleyhinə dərmanların satışı qadağan olunub. Bu dərmanlar yalnız vərəm əleyhinə müəssisələr tərəfindən pulsuz olaraq xəstələrə verilir. Bunda məqsəd xəstələrin vaxtında müayinə olunması, qeydiyyata götürülməsi, onların müalicəsinin düzgün aparılmasıdır. Beləliklə, onlarla təmasda olan insanların yoluxma riski azalır. Vərəm əleyhinə dərmanların qanunsuz yolla satışa çıxarılması institutda ciddi nəzarətə götürülüb. Hər bir həb xəstə sayına görə hesablanır. Heç bir dərman sərbəst satışa çıxarıla bilməz”, deyə İnstitut direktoru qeyd edib.
Aytən Zəhra
AzVision.az