Bir gecədə 4 obyekti yaran yeniyetmələr tutulub

Həmin cinayəti törətməkdə şübhəli bilinən, 2 nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman qeyd edilən obyektdən oğurladıqları bir ədəd planşet və mobil telefon aşkar olunaraq maddi sübut kimi götürülüb.
Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulana qədər elə həmin gecə Sabunçu və Nizami rayonlarında ümumilikdə 4 geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri, eləcə də oğurluğa cəhd göstərdikləri məlum olub. Belə ki, onlar Bakıxanov qəsəbəsində yerləşən geyim mağazasından 1 ədəd qol saatı və bijuteriya əşyaları oğurlayıblar. Eləcə də, həmin ünvanda yerləşən daha bir şirniyyat evindən oğurluğa cəhd göstəriblər. Bundan başqa saxlanılan şəxslər Nizami rayonunda yerləşən uşaq aləmi mağazasında 3 ədəd, hər birinin qiyməti təxminən 700 manat olan velosiped də oğurlayıblar.
Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
AzVision.az