“Vergi yoxlamaları azaldılacaq” - Nazir sahibkarlara səsləndi

“Vergi yoxlamaları azaldılacaq” - Nazir sahibkarlara səsləndi
  13 Fevral 2018    Oxunub:2186
"Əsaslandırılmamış sanksiyalara yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq".
AzVision.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, hamı səhv edə bilər, amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir: "Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq. Bu, o demək deyil ki, nəzarət zəifləyəcək. Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir. İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Vergilər Nazirliyi sözügedən halların qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə etməməlidir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər”.

Nazir əlavə edib ki, vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır və mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Nazir qeyd edib ki, prezident İlham Əliyevin apardığı siyasət Cənubi Qafqaz regionunda Azərbaycanın liderliyini təmin edir:

"Lakin biz nəzərə almalıyıq ki, regionun digər dövlətləri xarici və Azərbaycan investorlarının sərmayələrinin cəlb edilməsi uğrunda rəqabət aparırlar, xüsusilə bu qeyri-neft sektoruna aiddir. Sahibkardan qanuna riayət olunmasını tələb etmək üçün Vergilər Nazirliyinin onunla münasibətdə fəaliyyəti sui-istifadə hallarının istisna edilməsi prinsipi üzərində qurulmalıdır. Təbii ki, qanuna riayət etməyən və yaxud maraqlarına uyğun gələndə qanunu yada salan vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir. Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bugün yalnız onu deyə bilərəm ki biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapını döyməsinə hazır olun.

Əgər Siz hesab edirsiniz ki mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir. Dövlətin, vətəndaşın və sahibkarın maraqları bir-birinə uyğun gəlməlidir. Qanunu eyni cür və bütün vergi ödəyicilərinə tətbiq etmədən qanunçuluğa əməl edilməsini və iqtisadiyyatının inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən hətta ən kiçik güzəştlər bütün iqtisadiyyatın rəqabətliliyinə təsir göstərir və işğuzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə vergilər naziri və vergi işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacib olmalıdır. Məhz buna görə hər bir xərclədiyimiz manat leqal iqtisadiyyatda dövriyyə etməlidir".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Vergilər-Nazirliyi   Mikayıl-Cabbarov   Sahibkar   Vergi  





Xəbər lenti