İranın “Cənub Qaz Dəhlizi”nə qoşulma şərti açıqlandı

İranın “Cənub Qaz Dəhlizi”nə qoşulma şərti açıqlandı
  15 Fevral 2018    Oxunub:2056
“Cənub Qaz Dəhlizi olduqca əhəmiyyətli infrastruktura malik olduğunu göstərir”.
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu layihəyə vasitəsilə Avropa karbohidrogenlərlə zəngin olan bu regiona qoşulur: “Biz bu cür təşəbbüsləri gələcəkdə müzakirə etməyə hazırıq. Biz bu məsələni İranın nümayəndələri ilə bir neçə dəfə müzakirə etmişik. Lakin İranın bu layihəyə qoşulması üçün müvafiq infrastrukturu olmalıdır. Bu bir növ də İranın bu layihəyə qoşulma strategiyasından da asılı olacaq”.

Şevçoviç əlavə edib ki, əsas məqsəd enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır: “Avropa Komissiyası bununla bağlı yeni qərarlar qəbul edib. Avropa İttifaqı ölkələri istənilən enerji təchizatı məsələlərini Avropa Komissiyasının qərarlarına uyğun olub-olmadığını yoxlayır. Hər hansı bir təchizatçı yeni öhdəliklər əsasında bu və digər ölkənin ərazisində 40%-dən çox enerji təchizatını həyata keçirirsə, bu sahədə həmin təchizatçının bağladığı saziş Avropa Komissiyasına yoxlanılmaq üçün təqdim edilməlidir. Yəni Avropa Komissiyasının qərarı vacibdir.

Xüsusəndə biz enerji təchizatımızın şaxələndirilməsi istiqamətində işləyirik. Bu layihə üzərində fəal işləyirik. Eyni zamanda, qlobal bazarlara çıxışın təmin edilməsi üçün sıxılmış maye qaz terminal şəbəkəsi üzərində də işləyirik. 2020-ci ildə “Cənub Qaz Dəhlizi” Avropanı enerji ilə təmin etməyə başlayanda biz enerji təhlükəsizliyi baxımından özümüzü daha etibarlı hiss edəcəyik”.

Eldar Tanrıveridyev
AzVision.az


Teqlər: TNAP   İran   Şevçoviç  





Xəbər lenti