“Kütləvi çıxarış” kampaniyası Ağcabədidə
Rayonun bu kənd və qəsəbələrindən olan 150-yə yaxın əhalisinə qeydiyyatla bağlı xidmət göstərilib. Belə ki, 80-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı, bələdiyyə torpaqlarını əhatə edib. Elə həmin gün çıxarış verilməsi məqsədilə 30-dan çox sakindən hüquqmüəyyənedici sənədlər toplanılıb. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlilinin birbaşa evlərində ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib.
Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 40-a yaxın sakinə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan əhalinin sualları cavablandırılıb, prosedurlar izah olunub. Bununla da “Vaxt dəyərlidir” prinsipinə əsaslanan kampaniya vətəndaşların zamanını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Sakinlər isə göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər.
Çıxarışlar verilməzdən əvvəl komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanılıb. Komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində mühəndislik işlərinin aparılması, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilib. Bununla da vətəndaşın xidmətə deyil, xidmətin vətəndaşa çatdırılması prinsipi tam təmin olunub.
Ərazi və rayon ofisləri ilə yanaşı, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis layihələri vasitəsilə də birbaşa olaraq yerlərdə qeydiyyat xidmətləri göstərilir. Kampaniya paytaxtla yanaşı, regionları, hətta ucqar kəndləri də əhatə edir, tarlalarda, əkin-biçin sahələrində, iş yerlərində keçirilir. Ahıl, fiziki imkanları məhdud, tənha şəxslərə yaşadıqları evlərində, mənzillərində qeydiyyat xidmətləri göstərilir ki, bu da sosial layihəni digərlərindən fərqləndirir. Belə sosial layihələr qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdırmaqla, onların işdən ayrılmamasına, vaxt itkisi olmadan çıxarış əldə etməsinə, vətəndaşların razılığına imkan yaradır. Məqsəd isə vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və operativliyin artırılmasıdır.
Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Bununla da əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.
Sosial məmnunluq, rahatlıq və şəffaflıq istiqamətində görülən tədbirlər bununla bitmir. “Bir pəncərə” prinsipi də vətəndaşların əmlak qeydiyyatı işini maksimum yüngülləşdirib. Əmlakına çıxarış almaq istəyən hər kəs yalnız bir quruma - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir.
Qeyd edək ki, mühüm sosial tədbirlər və yeniliklər, o cümlədən “Kütləvi çıxarış” kampaniyası daha intensiv və böyük əhali sayını cəlb etməklə davam etdiriləcək.
AzVision.az
Teqlər: Kütləvi-çıxarış Ağcabədi