Pərviz Şahbazov bir sıra görüşlər keçirib

  16 Fevral 2018    Oxunub : 796
Pərviz Şahbazov bir sıra görüşlər keçirib
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının dördüncü iclası çərçivəsində bir sıra görüşlər keçirib.
Energetika Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında enerji əməkdaşlığı və Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsinə davamlı dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Layihə üzrə işlərin gedişatı barədə məlumat verən nazir ABŞ-ın Məşvərət Şurasının toplantısında yüksək səviyyədə təmsil olunmasını “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətinə xüsusi diqqətin göstəricisi kimi qiymətləndirib. S. Saarnio isə ABŞ prezidenti, Dövlət katibinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bu layihəyə böyük önəm verdiyini diqqətə çatdırıb.

Energetika naziri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç ilə də görüşüb. Pərviz Şahbazov Avropa Komissiyasının Məşvərət Şurası təşəbbüsünün reallaşmasında aparıcı rolunu qeyd edərək, “Cənub Qaz Dəhlizi”nin Avropanın ümumi maraqlar layihəsinə yenidən daxil edilməsini yüksək qiymətləndirib. Söhbət zamanı Avropa Komissiyasının Azərbaycan qazının 2020-ci ildə Avropa bazarına çıxarılması üçün davamlı dəstəyinin zəruriliyi ifadə edilib.

Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili ilə görüşdə isə layihə üzvü kimi bu ölkənin rolundan, birgə həyata keçirilən enerji layihələri ilə regionda enerji təhlükəsizliyi və iqtisadi inkişafın təməlini qoyan və möhkəmləndirən üçtərəfli əməkdaşlıq formatından danışılıb. “Cənubi Qafqaz Boru Kəmərinin Genişlənməsi” layihəsinin yekunlaşmaqda olan icra vəziyyəti dəyərləndirilib.

P. Şahbazovun iclas gedişatında Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayevlə də görüşü baş tutub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti, gələcək inkişaf istiqamətləri müzakirə edilib.

“Bolqarıstan “Cənub Qaz Dəhlizi” layihəsini ilk gündən dəstəkləyən ölkədir və hökumətin Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi istiqamətində işləri intensivləşdirməsini alqışlayırıq.” Bu fikirləri isə energetika naziri P. Şahbazov Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova ilə görüşdə səsləndirib. Bolqarıstanlı nazir deyib ki, TAP layihəsi ilə ölkəsinin qaza olan tələbatının 40 faizi ödənəcək, həm də birləşdirici kəmər vasitəsilə digər ölkələrin qaz təchizatına töhfə veriləcək.

P. Şahbazovun görüşdüyü şəxslər arasında Rumıniyanın energetika nazirinin müavini Yuliyan Robert Tudorake və Xorvatiyanın Ətraf Mühit və Energetika Nazirliyinin dövlət katibi İvo Milatiç də olub. Rumıniyanın ilk dəfə olaraq Məşvərət Şurasında iştirakı layihəyə marağın göstəricisi kimi qeyd edilib. İon-Adriatik Qaz Kəməri (İAP) layihəsinin həyata keçirilməsi ilə Xorvatiya kimi ölkələrin qaz təchizatı məsələsi müzakirə edilib.

“Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilmə məsələləri isə energetika naziri P. Şahbazovun Dünya Nabkının nümayəndəsi Əbdüləziz Faqi, Asiya İnkişaf Bankının energetika şöbəsinin direktoru Aşok Bhargava və Avropa Yenidənqurma və İnkişaf Bankının Rusiya və Mərkəzi Asiya üzrə rəhbəri Aida Sitdikova ilə görüşlərdə müzakirə edilib.

Qeyd edək ki, Məşvərət Şurası çərçivəsində TAP-ın icraçı direktoru Luka Şipatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüş keçirilib. Söhbət zamanı TAP layihəsinin vaxtında başa çatdırılması üçün İtaliya ərazisində tikinti işlərinin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

AzVision.az

Teqlər: Energetika-Nazirliyi   Cənub-Qaz-Dəhlizi