Komitə sədri Cocuq Mərcanlı məscidində

  20 Fevral 2018    Oxunub : 648
Komitə sədri Cocuq Mərcanlı məscidində
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.
AzVision.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib. Daha sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Komitənin əməkdaşları, həmçinin bir qrup din xadimi Prezident İlham Əliyevin göstərişi ilə Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib, burada respublikamızın ərazi bütövlüyü uğrunda həlak olanların ruhuna dua oxuyublar.

Komitə sədri dindarlarla söhbətində Cocuq Mərcanlıda Şuşa şəhərindəki Gövhər ağa məscidinin eynisinin tikilməsini Prezidentin dinə olan münasibətinin bariz nümunəsi kimi qiymətləndirib.

Qeyd edib ki, işğaldan azad olunmuş Cocuq Mərcanlıda Şuşa məscidinin eynisinin tikilməsi rəmzi məna daşıyır. Cocuq Mərcanlı kəndi kimi digər işğal olunmuş torpaqlarımızı da azad ediləcək, Qarabağda olan bütün abidə və ibadət yerlərimiz bərpa olunacaq.

Məscidə Dövlət Komitəsi tərəfindən nəşr edilən kitablar hədiyyə edilib.

AzVision.az

Teqlər: Dini-Komitə   Cocuq-Mərcanlı   Məscid