Bayıldan köçürülən 67 ailə kirayə evlərə yerləşib

Bayıldan köçürülən 67 ailə kirayə evlərə yerləşib
  26 Fevral 2018    Oxunub:1985
“Bayıl yamacında sürüşmə nəticəsində 163 nömrəli məktəbdə müvəqqəti məskunlaşan 67 evin sahibinə kirayə pulu ödənilib”

Bu barədə AzVision.az-a Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.
İcra nümayəndəsi bildirib ki, artıq həmin insanlar məktəbdən çıxaraq, kirayə evlərə yerləşiblər: “Bunlar sənədlərini ilkin mərhələdə təqdim etmiş şəxslərdir. Beynəlxalq Bankın Səbail rayon filialından pullarını alıblar. Müəyyən səbəblərdən sənədlərini təqdim etməyən şəxslər də hazırda müraciət edirlər. Onların sənədləri toplanılır və kartlar verilir. Bu şəxslər əsasən qohumlarının evlərində qalanlardır. Biz orada araşdırma apararkən məlum oldu ki, bəzi şəxslər öz evlərini kirayə veriblər. Həmin evlərdə ev sahibləri qeydiyyatda olmadığı üçün onlara ödəniş edilmir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb. Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bayıl   Sürüşmə  





Xəbər lenti