Ədliyyə orqanlarında Xocalı qurbanları yad edilib

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xocalı soyqırımının ildönümü ilə əlaqədar nazirlikdə və struktur qurumlarda anma mərasimləri keçirilərək şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anma mərasimlərində erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs olunub və bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin yanvarında imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının müstəsna əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, erməni qəsbkarlarının törətdikləri Xocalı soyqırımı beynəlxalq hüquqa görə sülh və bəşəriyyət əleyhinə yönələn əməldir, ən ağır beynəlxalq cinayət sayılır və qətliam zamanı BMT-nin "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasında təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Tədbirlərdə bu qanlı faciəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, Prezident İlham Əliyev tərəfindən Xocalı qətliamı barədə həqiqətlərin dünya ictimaiyyətinə geniş çatdırılması və bununla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının uğurla davam etdirilməsi qeyd olunub, soyqırımını törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib.
Xocalı faciəsi ilə bağlı nazirliyin kinozalında filmlər, foto-slaydlar nümayiş etdirilib, saytda ayrıca bölmə yaradılıb.
AzVision.az
Teqlər: Ədliyyə-Nazirliyi Xocalı