Balakəndə at əti satan şəxs tutuldu - Fotolar

Balakəndə at əti satan şəxs tutuldu - Fotolar
  01 Mart 2018    Oxunub:2597
Martın 1-də daxil olmuş məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumovun həyətinə baxış keçirilib.
DBNX-dan AzVision.az-a verilən məlumata görə, baxış zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, talvardan soyularaq asılmış, sağlamlığına dair heç bir sənədi olmayan şaqqalara ayrılmış 1 baş atın cəmdəyi, həmçinin ev sahibinə məxsus 10-FN-974 dövlət nömrə nişanlı “Jiquli” markalı minik avtomobilinin yük yerində 1 ədəd atın başı, dərisi, 4 ədəd at ayağı və atın daxili orqanları aşkar edilib.



Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. At kəsimi ilə məşğul olan Ramazan Muğumov söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi, at ətinin tədarükü ilə məşğul olduğunu etiraf etmiş, eləcə də həmin atı öz istifadəsi və satmaq üçün kəsildiyini bildirib.



Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumova məxsus və onun tərəfindən antisanitar şəraitdə kəsilmiş atın 120 kq çəkisində olan əti müayinəsi başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək. Araşdırma aparılması məqsədilə toplanmış materiallar Balakən Rayon Polis Şöbəsinə göndəriləcək.

AzVision.az


Teqlər: Balakən   At-əti   DBNX  





Xəbər lenti