Bakıda daha bir küçə təmir olunur

Bakıda daha bir küçə təmir olunur
  02 Mart 2018    Oxunub:2740
Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsi əsaslı şəkildə təmir olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qurumun əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məhz sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, dövlət agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işlərini aparır.

Bu cür yollardan biri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsidir.

Küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarıb. Bu səbəbdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranıb.



Uzunluğu 1,5 kilometr, eni isə 7-8 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə yenidənqurma işləri aparılır. Aparılan işlər çərçivəsində küçənin eni 14 metrə qədər genişləndirilir. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülür. Belə ki, zəruri olan yerlərdə yararsız qrunt çıxarılır, əvəzinə yararlı material tökülüb kipləşdirilir.

Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su, qaz, rabitə, elektrik və sair) bərpa olunur, zərurət yarandığı təqdirdə yeniləri çəkilir və ya yolun hərəkət hissəsindən kənarlaşdırılır, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyat borular atılacaq. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulacaq. Ümumilikdə küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 97 ədəd yeni baxış qapaqları qoyulacaq.



Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılacaq və kipləşdiriləcək. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılacaq. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınır. Belə ki, küçə boyu dağılmış mövcud piyada səkiləri bərpa olunur, zəruri olan yerlərdə yeniləri inşa edilir. Piyada səkilərinin kənarlarına 6400 poqonmetr uzunluğunda yeni səki daşları düzülür. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədilə 4 yerdə 62 metr uzunluğunda və 4 metr enində xüsusi “cib”li hissələr yaradılacaq.



Torpaq işləri bitəndən sonra küçə boyu əlaqələndirici bitum səpilməklə 47 min 100 kvadratmetr sahədə yol örtüyünün alt qatının iri dənəli, üst qatının isə xırda dənəli asfalt–beton qarışığı ilə tikintisi aparılacaq. Texnoloji ardıcıllığa uyğun olaraq küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə, zəruri yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında sözügedən ünvanda hərəkətin normallaşmasına xidmət edən yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün lazımi sayda qüvvə cəlb olunub.

AzVision.az


Teqlər: Bakı   Yol   Təmir  





Xəbər lenti