Bank sektorunun aktivləri 13,1% azalıb

Bank sektorunun aktivləri 13,1% azalıb
  05 Mart 2018    Oxunub:1748
Azərbaycan bank sektorunun cəmi aktivləri bu il fevralın 1-nə 28 169,7 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AzVision.az-a verilən məlumata görə, bu, ötən il fevralın 1-i ilə müqayisədə 13,1% azdır.

Bankların aktivlərinin 34,6%-ni və yaxud 9 756,6 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 32,3% kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 19,7% azalaraq, 24 367,9 mln. manata düşüb, o cümlədən depozit portfeli 2,2% azalaraq, 16 914,6 mln. manata çatıb. Bunun 7 482,5 mln. manatı fiziki şəxslərin, 9 432,1 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Son 1 ildə əhalinin əmanətləri 2,7%, şirkətlərin vəsaitləri isə 1,85% azalıb.

İl ərzində bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 70,5% azalaraq 501,7 mln. manata düşüb.

Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 84,6% artaraq 3 801,8 mln. manata çatıb.

AzVision.az


Teqlər: Bank   Hesabat   Palata  





Xəbər lenti