Azərbaycanda işləyən qadınların sayı açıqlanıb

Azərbaycanda işləyən qadınların sayı açıqlanıb
  07 Mart 2018    Oxunub:1970
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar nazirlikdə çalışan qadınların iştirakı ilə tədbir keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a veilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Qadınlar günü münasibətilə Nazirliyin qadın əməkdaşlarını təbrik edib, onlara xoş arzularını çatdırıb. S.Müslümov 2003-cü ilə nisbətən respublikamızda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2% artaraq cari ilin əvvəlinə 2 348 400 nəfərə çatıb

Nazir bildirib ki, dünyəvi və demokratik dövlət quruluşuna malik olan Azərbaycanın qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakının təmin olunduğu, o cümlədən əmək və məşğulluq sahəsində qadınlara qarşı hər hansı ayrı-seçkiliyin mövcud olmadığı ölkələrdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qadın hüquqları ilə bağlı mühüm beynəlxalq sənədləri ratifikasiya edən ölkəmiz milli qanunvericiliyini gender bərabərliyi ilə bağlı mütərəqqi yanaşmalara uyğun qurub.

S.Müslümov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, hətta bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edir: “Buna misal olaraq, əmək müqavilələrinin 40-44 yaşlarında olan şəxslər üzrə 50,8%-i, 45-49 yaşlarında olan şəxslər üzrə 54,4%-i, 50-54 yaşlarında olan şəxslər üzrə isə 53,5%-i qadınlarla bağlanıb”.

Nazir diqqətə çatdırıb ki, əmək fəaliyyəti ilə məşğul olan qadınların gələcək sosial təminat hüquqlarına malik olmaları üçün onların sosial sığorta sisteminə cəlb olunması istiqamətində də müvafiq işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 40,4%-ni və ya 1 453 898 nəfərini qadınlar təşkil edir: “Nazirlik tərəfindən qadınların aktiv məşğulluq tədbirlərinə cəlb olunması da diqqətdə saxlanılır. 2017-ci ildə nazirliyin məşğulluq orqanları tərəfindən münasib işlə təmin edilənlərin 28 faizə qədəri (13 386 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 51,3 faizi (1 826 nəfər), nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunanların isə 36,6 faizi (128 nəfər) qadınlardan ibarət olub. Aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaradılması üçün icra olunan özünüməşğulluq proqramı çərçivəsində ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim olunmaqla ailə təsərrüfatları yaradılanların da 322 nəfərini qadınlar təşkil edib. Cari il ərzində də proqrama cəlb olunanların təqribən 30 faizdən çox hissəsinin qadınlardan ibarət olması nəzərdə tutulur”.

Ölkəmizdə sosial təminat sisteminin əhatə etdiyi şəxslər sırasında da qadınların mühüm yer tutduğunu qeyd edən S.Müslümov bildirib ki, hazırda əmək pensiyaçılarının 57,2%-ə, sosial müavinət və təqaüd alanların 40,5%-ə qədəri, nazirliyin xətti ilə Azərbaycan Prezidentinin təqaüdü ilə təmin olunanların isə 33,6%-i qadınlardır. Müvafiq qanunvericilik aktlarında yaşa görə pensiya və ya yaşa görə müavinət hüququnun yaranmasında çoxuşaqlı qadınlarla, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlarla bağlı güzəştlər də müəyyən olunub. Beşdən çox uşağı olan qadınlar isə 18 yaşadək uşaqlarının hər birinə görə aylıq sosial müavinətlə təmin olunurlar. Azərbaycan Prezidentinin 23 fevral 2018-ci il tarixli Sərəncamı ilə həmin müavinətlərin məbləği cari il martın 1-dən artırılıb.

Nazir əmək və məşğulluq haqqında ölkə qanunvericiliyində də qadınlara münasibətdə milli-mənəvi dəyərlərdən irəli gələn yanaşmaların əksini tapdığını vurğulayıb: “Belə ki, əmək qanunvericiliyi qadınların əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə əməyə cəlb olunmasını qadağan edir. Eləcə də hamilə və ya 3 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlarla bağlı milli qanunvericilikdə bir sıra güzəştlər və əlavə təminatlar müəyyən olunub”.

AzVision.az


Teqlər: ƏƏSMN   Qadın  





Xəbər lenti