19 dövlət əmlakı özəlləşdirilib
Növbəti hərracda da investorlar belə üstünlüklərdən yararlanıblar. Hərraclara çıxarılan əmlakların əlverişli olması, iştirak prosedurlarının sadə olması sərmayəçilərin marağını artırıb. Özəlləşdirilmə prosesinin sadalanan müsbət cəhətləri alıcıların sayını artırmaqla budəfəki hərracda da rəqabət yaradıb. Belə ki, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 13 min manat olsa da, ən son təklif 13 min 450 manatadək yüksəlib. Həmin əmlakın ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxındır. Bundan başqa eyni ünvanda yerləşən digər əmlakın, 1 mərtəbəli binanın zirzəmisinin bir hissəsinin də hərracı rəqabətli olub. İlkin start qiyməti 2 min 500 manata olan həmin obyektə ən son 2 min 600 manat təklif edilib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə və Qəbələ şəhərlərində yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 119 kvadratmetr olan Gəncə şəhərində yerləşən 6 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa özəlləşdirilən “Maştağa Avtodəstə” də təmir sahəsində sahibi üçün gəlir mənbəyi ola bilər. Bu əmlakın ümumi faydalı sahəsi isə 1400 kvadratmetrə yaxın, torpaq sahəsi isə 10 min kvadratmetrdən çoxdur. Obyektin ərazisinin kifayət qədər geniş olması da iqtisadi fəaliyyətdə sahibinə əlavə üstünlük qazandırır.
Turizm sahəsinin sürətlə inkişaf etdiyi Qəbələ şəhərində iaşə və xidmət obyektlərinin sayı artmaqdadır. Bu əmlakların sırasına rayonun Nic qəsəbəsində yerləşən 1 saylı klub da daxil ola bilər. Fəaliyyətini yenidən qurmaqla bu obyekti turistlərin sevimli məkanına çevirmək mümkündür.
Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahəsindən 5-i Nərimanov, 5-i Nəsimi, 2-si isə Səbail rayonunda yerləşir. Region üzrə özəlləşdirilən qeyri-yaşayış sahəsi Abşeron rayonundadır. Səbail rayonunda yerləşən, ümumi faydalı sahəsi 116.5 kvadratmetr olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanov rayonunda yerləşən ümumi faydalı sahəsi 63 kvadratmetrə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Bununla yanaşı, prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də sahibini tapıb. Özəlləşdirilən avtomobillər 2007-ci il istehsalı olan “Fiat Albeo” və “Fiat Doblo”, buraxılış tarixi 2006-cı il olan “Nissan Maxima”dır.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək olar. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac bayram günləri ilə əlaqədar olaraq martın 27-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb.
AzVision.az