Müavinət və Prezident təqaüdləri artımla birgə ödənilib - Nazirlik

Müavinət və Prezident təqaüdləri artımla birgə ödənilib - Nazirlik
  19 Mart 2018    Oxunub:2151
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin martın 1-dən edilmiş artımlarla birgə tam maliyyələşdirilməsini təmin edib. Beləliklə, mart ayı üzrə həmin sosial ödəniş növlərinin də vaxtından əvvəl olmaqla, bayrama qədərki günlərdə ödənişi həyata keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bundan əvvəl isə ötən həftə Fond tərəfindən martın əmək pensiyalarının tam maliyyələşdirilməsi işləri başa çatdırılıb.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyev ötən ay, yəni cari ilin fevralında imzaladığı Fərman və Sərəncamlarla yaşa görə, ümumi xəstəliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar təyin olunan aylıq sosial müavinətlərin məbləği artırıb. Habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləğində artımlar edilib.

Eyni zamanda, həmin Fərman və Sərəncamlarla müharibə əlilləri və şəhid ailələrinə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, birinci qrup əlillərə, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə, 20 Yanvar əlillərinə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə, habelə fərdi və fəxri adlara görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdlərinin məbləği artırılıb.

2018-ci il martın 1-dən həmin müavinətlərin və təqaüdlərin məbləğinin orta hesabla 10 faiz artırılması təmin edilib.

Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, aylıq və aylıq və birdəfəlik sosial müavinət alan, eləcə də Prezidentin təqaüdləri təyin olunan 400 mindən çox vətəndaşa mart ayının müavinət və təqaüdlərinin maliyyələşdirilməsi 2018-ci il martın 1-dən nəzərdə tutulan artımlarla birgə həyata keçirilib.

AzVision.az


Teqlər: ƏSMN  





Xəbər lenti