Daha 40 dövlət əmlakı özəlləşdirilib
Bakının Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edib. Həmin əmlaka 4 sifariş verilib. Hərrac zamanı alıcıların təklifləri ard-arda səsləndirilib. Rəqabət nəticəsində ilkin start qiyməti 20 min olan obyektə edilən təklif 150 min manatadək yüksəlib. Başqa sözlə edilən təklif əmlakın ilkin start qiymətindən 7 dəfə çoxdur. Bu əmlakın hərracında alıcılardan biri onlayn şəkildə qoşulmuşdur.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakının Nəsimi və Sabunçu rayonunda, Hacıqabul, Tovuz, Masallı, Şəki, Xızı rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 62.3 kv.m olan Hacıqabulda yerləşən 12/1 saylı mağaza və Bakının Nəsimi rayonunda olan 13 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa, Şəkidə özəlləşən 80 saylı idman malları mağazası sahibi üçün xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 220 kv.m dən çox, torpaq sahəsi isə 270 kv.m-ə yaxındır.
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 12-si Bakının Səbail, Nərimanov, Xətai, Binəqədi və Yasamal rayonlarında, digərləri isə Gəncədə, Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən və Qazaxda yerləşir. Paytaxtın Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 44 kv.m-ə yaxın olan olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 118 kv.m-ə olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Martın 27-si keçirilən hərracda Bərdə Mexanikləşdirilmiş Dəstə Açıq səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib.
Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə, o cümlədən sənaye, turizm, səhiyyə, xidmət, tikinti sahələrinə aid olan müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir. Bu isə belə müəssisələrin səmərəli fəaliyyət göstərməsi və yeni iş yerlərinin açılması deməkdir. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir.
AzVision.az