Palata təlim keçirib
Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Təlimdə, həmçinin reyestrin digər faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkünlüyü və digər xüsusiyyətlər qeyd edilib.
Reyestrin imkanlarından istifadə edilməsi barədə müzakirələr zamanı palata tərəfindən maliyyə qurumlarına mütəmadi olaraq reyestrin istifadəsinin tətbiqi üzrə məlumat dəstəyi göstəriləcəyi də bildirilib.
Qeyd edək ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nə müvafiq olaraq yaradılıb. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanunu ilə reyestrin yaradılmasının hüquqi əsasları müəyyən edilib. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə reyestrin aparılması Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb.
AzVision.az