İlham Əliyev iş adamlarına müraciət etdi

İlham Əliyev iş adamlarına müraciət etdi
  29 Mart 2018    Oxunub:1609
"Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə, yaxşı gəlir gətirəcək"
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir.

"Biz dünən ticarət əlaqələrinin inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Hesab edirik ki, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var. Əlbəttə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi - Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur. Əminəm ki, həm avtomobil zavodunun gələcək fəaliyyəti uğurlu olacaq və həm də yük terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaq".

Prezident, çıxışında qeyd edib ki, biz digər sahələrdə də qarşılıqlı sərmayə qoyuluşu haqqında ciddi düşünməliyik: "Dünən həm məhdud tərkibdəki görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin tam tərkibi ilə keçirilmiş görüşdə bu məsələlər müzakirə olundu. Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməkdədir. Tam əminliklə deyə bilərəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. Biz qonşu ölkələrlə bu məsələləri daim müzakirə edirik. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaratmışdır. Kiçik təqdimatda göstərildi ki, 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı. Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı. Bu müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaqdır. Beləliklə, biz qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik, - çünki bizim ərazimizdən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək, - eyni zamanda, biz bölgədə yeni bir əməkdaşlıq formatını yaradırıq. Bunu artıq yaratmışıq, çünki biz indi nəinki ikitərəfli formatda, üçtərəfli və dördtərəfli formatlarda fəal əməkdaşlıq edirik. 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşləri keçirilmişdir. Bu görüşlərin çox böyük əhəmiyyəti vardır. Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə edilmişdir. Hesab edirəm ki, üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidirlər".

Prezident İlham Əliyev, həmçinin bildirib ki, Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə: "Burada həm əlbəttə ki, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır. Nəqliyyat sahəsində. İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir. Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə yaxşı gəlir gətirəcəkdir.

Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin. Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda, biz dünən cənab Prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb".

Prezident əlavə edib ki, həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır: "Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir. Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni, sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır. Biz bölgəmizdə yeni reallıq yaradırıq. İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilibdir. Bunu biz etmişik, özü də qısa müddət ərzində.

AzVision.az


Teqlər: İlham-Əliyev   İran   Biznes-Forum  





Xəbər lenti