Qusarda regional logistik mərkəz yaradılır
SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq və bağçılıq sahələrinin inkişafına, logistik mərkəzin tikintisinə inkişafına yönəldiləcək və 80-dən çox yeni iş yeri açılacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 189,1 mln. manat güzəştli kredit verilib.
Forum çərçivəsində Qusar rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış 400 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının və tutumu 12 min ton olan logistik mərkəzin daxil olduğu kompleksə baxış keçirilib. Kompleksdə ötən il istehsal olunan meyvə Rusiya, Qazaxstan, BƏƏ və Gürcüstana ixrac edilib. Hazırda Qətər, Əfqanıstan, Pakistan, Sri-Lanka və s. ölkələrlə danışıqlar aparılır. Bu kompleks fəaliyyətini genişləndirərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən istehsal olunan məhsulların tədarükünü, çeşidləmə və qablaşdırma, istehsal olunan məhsulların saxlanması, satışının təşkili, nəqliyyat, sertifikatlaşdırma, gömrük və digər xidmətlər göstərəcək ki, bu da yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdıracaq.
AzVision.az