199 dövlət əmlakı hərraca çıxarılacaq

199 dövlət əmlakı hərraca çıxarılacaq
  02 Aprel 2018    Oxunub:1383
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
Komitədən AzVision.az-a verilən məlumata görə, budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Cəlilabad Məişət”, “Goranboy Aqrotexservis”, “İmişli Yağ Pendir” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 60-ı xidmət, 11-i iaşə, 10-u təmir, 6-sı sənaye, 6-sı kənd təsərrüfatı sahələrinə aiddir.

Hərraca çıxarılan əmlaklardan biri Sumqayıt şəhərində yerləşir. Şəhərin mərkəzində “Bağlar massivi” deyilən yerdə dəniz kənarında olan "Laçın" restoranı sahibi üçün əlverişli qazanc mənbəyi ola bilər. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 450 kvadratmetrə yaxın, torpaq sahəsi isə 2 400 kvadratmetrdən çoxdur. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin dəyərliliyini artıran amillərdəndir.

Bundan başqa, Mingəçevir şəhərində yerləşən 138 saylı mağazanın ümumi sahəsi 300 kvadratmetrə yaxındır. Həmin obyekt ərzaq mallarının pərakəndə satışı üçün yararlıdır. Əmlakın torpaq sahəsi ilə birgə özəlləşməsi isə rentabelliyi daha da artırır. Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Qovlar tikiş fabrikinin Goranboy sahəsi belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 600 kvadratmetr, torpaq sahəsi isə 3000 kvadratmetrdən çoxdur.

Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Masallı rayonunda yerləşən Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kvadratmetrə yaxın, torpaq sahəsi isə kvadratmetrdən çoxdur. Adıçəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsinin də kifayət qədər geniş olması həyata keçiriləcək fəaliyyətin effektivliyini artıracaq.

Budəfəki hərracda sərfəli qiymətə, 2 min 500 manata da əmlak tapmaq olar. Paytaxtın Zabrat qəsəbəsində yerləşən, ümumi faydalı sahəsi 21 kvadratmetr, torpaq sahəsi 22 kvadratmetr olan 41/3 saylı mağaza bu qiymətə özəlləşməyə çıxarılacaq. Cəmi 250 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür. Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 47-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 8 kvadratmetrə ilə 213 kvadratmetrə arasında dəyişir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 5 min manatdan başlayaraq 21 min 500 manat arasında dəyişir. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1994-2010-ci illəri əhatə edir. Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

AzVision.az


Teqlər: Hərrac   Əmlak  





Xəbər lenti