Elektron Təhlükəsizlik Xidməti “Microsoft”la anlaşdı

Elektron Təhlükəsizlik Xidməti “Microsoft”la anlaşdı
  02 Aprel 2018    Oxunub:1426
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və “Microsoft Azərbaycan” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən AzVision.az-a bildirilib ki, Anlaşma Memorandumu bu təhdidlərin və təhlükələrin qarşısının alınması, kiberhücumlarla effektiv mübarizə aparılması istiqamətində kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsini həyata keçirmək, əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə imzalanıb.

Memorandum kibertəhlükəsizlik sahəsində “Microsoft”un xidmət və texnologiyalarından istifadə, bilik və təcrübə mübadiləsi, tədqiqatların aparılması üzrə əməkdaşlıq əlaqələrinin qurulması dövlət sektorunda lisenziyalı proqram təminatının təbliği kimi məsələləri əhatə edir.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini, onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici dövlət qurumudur.

Xidmət “FİRST”, “Tİ”, “CERT CC”, “CAMP”, “Anti-phishing Working Group (APWG)” kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.

"Kiberhücumlar nəinki təşkilat və şirkətlərə maddi zərər vurur, eyni zamanda, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Tərəflər arasında imzalanan bu sənəd Azərbaycanda kiberməkanın təhlükəsizliyinin təmin edilməsində və ümumiyyətlə, ölkədə informasiya texnologiyaları sahəsinin inkişafında olduqca vacib addımdır və mühüm rol oynayacaq. Kibertəhlükəsizlik sahəsində “Microsoft”un kifayət qədər təcrübəsi, həlləri və xidmətləri mövcuddur ki, Elektron Təhlükəsizlik Xidməti ilə onları bölüşməyə hazırıq", - deyə "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

AzVision.az


Teqlər: Elektron-Təhlükəsizlik-Xidməti   Microsoft-Azərbaycan  





Xəbər lenti