İmişlidə regional müşavirə keçirilib

İmişlidə regional müşavirə keçirilib
  04 Aprel 2018    Oxunub:1470
Aprel ayının 3-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən İmişli şəhərində “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirilib.
Müşavirədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, rayonlararası bioloji laboratoriyaların, Kənd Təsərrüfatı nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri, İmişli, Saatlı, Sabirabad, Salyan, Cəlilabad, Neftçala və Biləsuvar rayonlarından olan torpaq mülkiyyətçiləri və fermerlər, ümumilikdə 350 nəfər iştirak edib.

Müşavirənin keçirilməsində əsas məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, pambıqçılığın başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olmasını və fitosanitar sabitliyin qorunub saxlanılmasından, eyni zamanda pestisidlərdən və kimyəvi dərmanlardan kortəbii istifadə zamanı bitki aləminə və ətraf mühitə vurulan zərbənin qarışısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

Müşavirədə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ölkə başçısı cənab İlham Əliyevin Pambıqçılıqın inkişafına ayırdığı diqqət və qayğıdan danışaraq Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə apardığı məqsədyönlü tədbirlərindən, aqrokimyəvi maddələrərin və pedsidlərinin fermerlərə güzəştli şərtlərlə verilməsindən, rayonda pambıqçılığın inkişafında mövcud olan problerdən bəhs etdi. Keçirilən müşavirənin əhəmiyyəti barədə torpaq mülkiyyətçilərinə və pambıq əkini ilə məşqul olan fermerlə geniş məlumat verdi.

“Bölgədə fitosanitar vəziyyətin təhlili və pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişafı etdirilməsi istiqamətində görülən tədbirlərin, pambıq sahələrində əsas zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyəti barədə məlumat verib.

Camal Quliyev bildirib ki, son illər zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində pestisidlərdən normadan artıq və növbələşmədən istifadə, eyni tərkibli pestisidin davamlı tətbiqi, hektara düşən məsarif normasının düzgün nizamlanmaması, işçi məhlul hazırlanarkən suyun PH-na diqqət verilməməsi və s. səbəblərdən zərəli orqanizmlərdə pestisidlərə qarşı yüksək davamlılıq yaranması halları müşahidə edilir.

Dövlət Xidmətinin rəisi qeyd edib ki, bu səbəbdən də pambıq sovkasına qarşı təklif edilən pestisidlərin növbələşməsini təmin etmək və antirezident mübarizə sxemini tətbiq etmək məqsədilə fermerlər yeni nəsil preparatlardan istifadə etməyə üstünlük verməlidirlər: “Pestisidlərin tətbiqi zamanı çiləyici aqreqatlarla işləyən mexanizatorların davamlı təlimatlandırılması, işçi məhlulun bir hektar sahəyə düzgün tətbiqi, bitkilərin vegetasiya müddətindən asılı olaraq işçi məhlulun məsarif normasının artırılması, bitki örtüyünün tamamilə pestisidlərlə isladılması kimi məsələlərin həlli vacibdir. Eyni zamanda, pestisidlərin tətbiqi zamanı hava-iqlim şəraitinin izlənilməsi, günün müəyyən vaxtlarında pestisidlərin istifadəsinin dayandırılması diqqətdə saxlanılmalıdır”.

“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov əsas diqqəti kimyəvi mübarizə zamanı texniki qaydalara əməl olunmasının vacibliyinə yönəldib.

D. Sultanov bildirib ki, kimyəvi mübarizə tədbirləri zamanı qarşımızda bir neçə əsas vəzifə dayanır: “Bunlar pestisidlərin tətbiqi zamanı yol verilən səhvlərin aradan qaldırılması, pestisidlərin preparativ formasını nəzərə almaqla,işçi məhlulun hazırlanması, çiləmənin düzgün aparılması, çiləyici aqreqatlarla işçi məhlulun 1 hektar sahəyə düzgün və norma daxilində tətbiq edilməsi, çiləyici aqreqatların nizamlanması (kalibrovkası) kimi məsələlər yer alır. Kimyəvi mübarizə tədbirləri zamanı işlək məhlulun hazırlanması üçün istifadə olunan suyun tərkibinin (PH mühitinin tənzimlənməsi), istifadə olunan pestisidlərdən yüksək bioloji səmərəlilik almaq məqsədilə qarşıda duran problemlərin həlli vacib məsələdir və bu istiqamətdə ciddi tədbirlər görülməlidir”.

Tədbirin sonunda torpaq mülkiyyətçilərinə və fermerlərə pambıq sahələrində zərərvericilərə qarşı mübarizə üsullarını açıqlayan bukletlər paylanılıb.

Qeyd edək ki, eyniadlı müşavirənin 04 aprel 2018-ci il tarixdə isə Ağcabədi rayonunda keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər: İmişli   Müşavirə  





Xəbər lenti