Kürdəmirdə 2 yol yenidən qurulur
37,2 km uzunluğa malik avtomobil yolunun 29,2 km-lik hissəsi deformasiyaya uğramış qara örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılır, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 sm qalınlıqda qum-çınqıl qarışığı ilə aparılır. Daha sonra yol əsasının üst layının 12 sm qalınlıqda optima-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub.
Yolun 8 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının inşası işləri aparılır. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yol əsasının inşası işlərinə start veriləcək.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün 72 paqon-metr müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. Bundan başqa, yolda yerləşən 2 və 4 aşırımlı 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görüləcək işlərin siyahısındadır. Torpaq işləri bitəndən sonra yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılacaq.
Yolboyu nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 8 ədəd avtobus dayanacağının tikilməsi, 120 ədəd yol nişanının, 37 ədəd km göstəricisinin və 95 ədəd məlumatverici lövhənin, həmçinin 1 480 ədəd siqnal dirəyinin quraşdırılması, 100 km-dən çox ağ və sarı xəttin çəkilməsi işləri aparılacaq. Qeyd edək ki, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşımasına müsbət təsir etməklə, ərazidə kənd təsərrüfatının inkişafına səbəb olacaq.
AzVision.az