Sosial mənzillər gələn aydan satışa çıxarılır
Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Belə ki, 1 otaqlı mənzilin qiyməti 29925 manatdan, 2 otaqlı mənzilin satış qiyməti 47282 manatdan, 3 otaqlı mənzilin qiyməti 65626 manatdan başlayır. Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda illik faiz dərəcəsi 4%, müddəti 3-30 il, minimal ilkin ödəniş 10% olmaqla 1 otaqlı mənzilə 129-136 manat, 2 otaqlı mənzilə 203-236 manat, 3 otaqlı mənzilə 282-288 manat aylıq ödəniş etməlidir.
Mənzilə güzəştli şərtlərlə ipoteka krediti vasitəsi ilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satış qiyməti belədir: 1 otaqlı mənzil 26932 manat, 2 otaqlı mənzil 42554 manat, 3 otaqlı mənzil 59063 manat.
MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsi ilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
AzVision.az