Hamı yerli maşın alsın? - “Naz Lifan”dan sonra Neftçala brendi

Hamı yerli maşın alsın? - “Naz Lifan”dan sonra Neftçala brendi
  07 Aprel 2018    Oxunub:18198
Azərbaycanda yerli məhsullara maraq xeyli artıb. Son vaxtlar insanlar xaricdən gətirilən məhsullara nisbətən daha çox yerli istehsal mallarına üstünlük verirlər. "Made in Azerbaijan" brendinin dünya səviyyəsində tanıdılması üçün mühüm addımlar atılır. Bunun nəticəsidir ki, bir çox ölkələrdə Azərbaycan məhsullarına rast gəlmək mümkündür.
Bu yaxınlarda Neftçalada avtomobil zavodunun işə salınması Azərbaycanın bu sahəyə xüsusi diqqət ayırdığını göstərir. Xatırlayırsınızsa, prezident İlham Əliyev bildirmişdi ki, dövlət qurumları və məmurlar Naxçıvanda istehsal edilən “Naz Lifan” maşınlarından istifadə etsinlər.

"Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir", - deyə ölkə başçısı çıxışında söyləmişdi.

Prezidentin bu çağırışından sonra “Naz Lifan” avtomobillərinə təlabat xeyli artıb, hətta bir çox dövlət məmurları, idarələr Naxçıvanda istehsal olunan maşınlardan istifadə edirlər.



Artıq “Naz Lifan”la yanaşı daha bir yerli avtomobil brendinin satışına başlanılır. Bu, Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi avtomobillərdir. Zavodda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Qiymətləri isə 14-16 min arasında dəyişir. İlk olaraq İqtisadiyyat Nazirliyi bu zavoddan 14 min manat qiymətində olan 10 ədəd maşın (ümumilikdə 140 min manat) alıb.

İqtisadçı millət vəkili Tahir Mirkişili AzVision.az-a bildirib ki, Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun açılması əlamətdar hadisədir. Onun sözlərinə görə, həmin regionun inkişafı baxımından zavodun açılması çox önəmlidir.

"Bu zavod bir tərəfdən Azərbaycana investisiya axınına dəstək verib, digər tərəfdən isə yeni iş yerləri yaradılıb. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da avtomobillərə tələbat artır. Ölkə iqtisadi potensialı artdıqca, müasir texnologiyalar ilə təmin olunmuş avtomobillərin alınması üçün tələbat yüksəlir. Vergi güzəştlərinin tətbiq olunması avtomobillərin qiymətinin daha münasib olmasına imkan yaradacaq. Avtomobillərin Azərbaycanda istehsal olunması əlçatanlığı daha da artıracaq Dünyanın bütün ölkələrində təcrübə göstərir ki, avtomobil istehsal edən zavodların mövcudluğu onunla bərabər digər sahələrin də inkişafına təkan verir. Bu, ehtiyat hissələri, avtomobillərə xidmətlərlə bağlı sahələrdir. Bu baxımdan sənayenin digər tərəflərinin inkişafı təqdirəlayiq haldır".



T.Mirkişili qeyd edib ki, ötən il “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, dövlət satınalmalarında yerli istehsal olunan mala üstünlük verilməsi ilə bağlı bəndlər daxil olunub.

"Digər bir tərəfdən qiymətlərin də münasib olması, istənilən halda keçirilən satınalmalarda milli istehsalın qalib gəlməsinə imkan yaradacaq. Avtomobillər Avro-5 standartı ilə təmin olunur. Hətta bazar prinsiplərində götürsək, avtomobilin rəqabət qabiliyyətinin yüksək olması insanların, eyni zamanda dövlət orqanlarının ona üstünlük verməsinə şərait yaradacaq".

Millət vəkili xatırladıb ki, prezidentin çağırışı “Naz-Lifan” avtomobillərinin həm dövlət qurumları, həm də əhali tərəfindən alışında böyük rol oynayıb.

"“Naz-Lifan” avtomobillərinin sayı getdikcə artmaqdadır.“Xəzər” zavodunun avtomobillərinin yüksək texnoloji göstəricilərlə təmin olunması və qiymətlərinin münasib olması, bazar prinsiplərin əsasında onların yayılmasına imkan yaradacaq".



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Xəzər   Avtomobil   Zavod  





Xəbər lenti