OPEC+ sövdələşməsi müddətsiz ola bilər
Bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib. “Mən heç bir nazirdən bu istiqamətdə qarşılıqlı fəaliyyətin əleyhinə olan fikir eşitməmişəm”, - deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, eyni zamanda, hazırkı şəraiti və perspektivləri anlamaq üçün sadəcə görüşmək və bazardakı vəziyyəti müzakirə etmək çox səmərəlidir. Onun sözlərinə görə, əgər əvvəllər OPEC məsələləri özünün qapalı çərçivəsində müzakirə edirdisə, indi kartelə daha 11 ölkə qoşulub və bu, artıq beynəlxalq təşkilata bənzəyir.
OPEC 2016-cı il noyabrın 30-da Vyanada neftin qiymətlərinin sabitləşməsi məqsədilə hasilatın oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barel azaldılmasına dair razılığa gəlib. OPEC üzvü olmayan 11 ölkə 2016-cı il dekabrın 10-dan öz hasilatlarını yekun olaraq 558 min barel, o cümlədən Azərbaycan gündəlik 35 min barel azaltmağı razılaşdırıblar.
Neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilədək uzadılıb. Azərbaycan ötən il və cari ilin iki ayı ərzində öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.
AzVision.az
Teqlər: OPEC