3 aylıq büdcə hesabatı - Xərclər 4408 milyon manat olub

  10 Aprel 2018    Oxunub : 644
3 aylıq büdcə hesabatı - Xərclər 4408 milyon manat olub
2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4562,9 milyon manat, xərcləri 4408,0 milyon manat olub, 154,9 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 milyon manat proqnoza qarşı 4562,9 milyon manat və yaxud 134,4 milyon manat (3,0 faiz) çox olub.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1436,5 milyon manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 67,5 faizi və yaxud 969,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və yaxud 155,8 milyon manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79,3 milyon manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 21,2 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 faiz və yaxud 8,8 milyon manat çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2299,0 milyon manat vəsait transfert edilib.

Xərclərə gəldikdə isə 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 108,8 faiz və yaxud 4408,0 milyon manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40,0 faizi və ya 1761,3 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 125,6 milyon manat çoxdur.

2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2299,1 milyon manatı və ya 52,2 faizi cari xərclərə, 1627,2 milyon manatı və ya 36,9 faizi əsaslı xərclərə, 481,7 milyon manatı və ya 10,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 milyon manat vəsait yönəldilib.

2018-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Həmçinin cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 7062,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1412,9 milyon manat və ya 25 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 4757,9 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1994,8 milyon manat və ya 29,5 faiz azdır.

İcmal büdcədə 2304,6 milyon manat artıqlıq (profisit) yaranıb.

AzVision.az

Teqlər: Maliyyə-Nazirliyi   Büdcə