“Son 14 ildə büdcə 14 dəfə böyüyüb” - Komitə sədri
AzVision.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibədə bildirib.
T.Budaqov qeyd edib ki, bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin edib: “2017-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü ilə nisbətən 13,5 dəfə artaraq 16,5 mlrd. manat, xərcləri isə 14,2 dəfə artaraq 17,5 mlrd. manata çatıb. Bu dövr ərzində büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna% nisbəti beynəlxalq təcrübədə müəyyən edilmiş 3%-lik normaya qarşı orta hesabla 0,6% təşkil edib, 2004, 2006, 2011 və 2013-cü illərdə isə dövlət büdcəsi profisitlə icra edilib. Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inkişafının davam etdirilməsi məsələləri büdcə siyasətinin əsas istiqamətləri olaraq qalır. Belə ki, 2017-ci ildə dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11,0 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə çoxdur”.
O, əlavə edib ki, 2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, orta aylıq nominal əmək haqqı 6,8 dəfə, minimum əmək haqqı 12,9 dəfə artıb.
AzVision.az
Teqlər: DSK İqdisadiyyat ÜDM