“Kütləvi çıxarış” kampaniyası Balakəndə
Pay torpaqlarının sənədləşdirilməsi, Balakən rayonundakı torpaqların rahatlıqla iqtisadi dövriyyəyə cəlb edilməsinə, ailə təsərrüfatında fəaliyyətin səmərəliliyinin artmasına imkan verir. Həyətyanı torpaqların, fərdi evlərin rəsmi qeydiyyatı bu bölgənin daşınmaz əmlak bazarında aktivliyin artmasına şərait yaradır. Belə tədbirlər Balakənlə yanaşı, digər bölgə əhalisinin əmlaklarını daha aktiv şəkildə iqtisadi proseslərə cəlb etməsinə, regionlarda iqtisadi fəaliyyətin stimullaşdırılmasına, leqal əmlakların sayının artmasına imkan verir.
“Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan 30-a yaxın sakinə birbaşa yerlərdə hüquqi xidmət göstərilib. Bundan başqa bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilib. Həmçinin kampaniya çərçivəsində komitənin əməkdaşları Əmlakın qeydiyyatı kalkulyatorundan bəhs ediblər. Bildirilib ki, bu kalkulyator vasitəsilə daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada əvvəlcədən məlumat almaq mümkündür.
Qeyd edək ki, vətəndaş məmnuniyyəti və rahatlığına xüsusi diqqət edən və daim ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyət sahəsində sosialyönümlü tədbirləri davam etdirir. Komitə göstərdiyi xidmətlər üzrə əlçatanlığın təmin edilməsi, şəffaflığın artırılması istiqamətində mühüm yeniliklər həyata keçirir. Sosial layihələrin tətbiq edilməsi ilə seçilən komitənin həyata keçirdiyi fəaliyyət növlərindən biri də “Kütləvi çıxarış” kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdıraraq onları vaxt itkisi olmadan çıxarış əldə etməsinə imkan yaradır. Belə kampaniyaya çoxmərtəbəli binalardakı mənzillərlə yanaşı, regionlarda, o cümlədən fərdi yaşayış evləri, torpaq sahələri, pay torpaqları də geniş şəkildə cəlb olunur. Çıxarış kampaniyası paytaxtla yanaşı, regionları, o cümlədən sərhəd bölgələrdə yerləşən rayonların ucqar yaşayış massivlərini də əhatə edir.
Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və rahatlığın artırılmasıdır.
Əmlakın ilkin qeydiyyatı, yəni, ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. “Kütləvi çıxarış” kampaniyasında isə işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərinə uyğun olaraq birbaşa çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.
Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı, regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.
AzVision.az