Strateji Yol xəritələrinin nəticələri müzakirə olunub

Strateji Yol xəritələrinin nəticələri müzakirə olunub
  18 Aprel 2018    Oxunub:1169
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Asiya İnkişaf Bankının (ADB) nümayəndələri ilə görüş keçirilib.
Mərkəzin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, İİTKM-nin departament rəhbəri Ramil Hüseyn, layihələr departamentinin rəhbəri vəzifəsini icra edən Rəşad Hüseynov, menecerlər Vüsalə Cəfərova, Faiq Qasımlı, bankın İqtisadi Tədqiqatlar üzrə direktoru Edmon Gintinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda aparılan iqtisadi islahatlar, Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri barədə geniş fikir mübadiləsi aparıblar.

ADB nümayəndələri Azərbaycanda apardıqları "ölkə iqtisadiyyatının diaqnostik tədqiqat" layihəsi, eləcə də "dövlət müəssisələri sektorunun qiymətləndirilməsi" layihəsi barədə məlumatlar veriblər. Nümayəndələr tədqiqatın ilkin nəticələrini müzakirə edib.

Görüş zamanı dövlət müəssisələrinin özəlləşdirilməsi istiqamətində Strateji Yol xəritələri çərçivəsində görülən və gələcək illərdə nəzərdə tutulmuş işlər barəsində müzakirələr aparılıb. Bundan başqa layihələr çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarını əhatə edə bilən iqtisadi riyazi modelin qurulması və onun vacibliyi barədə danışılıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

AzVision.az


Teqlər: ADB  





Xəbər lenti