“Enerji çatışmazlığı problemi aradan qaldırılıb” - Etibar Pirverdiyev

“Enerji çatışmazlığı problemi aradan qaldırılıb” - Etibar Pirverdiyev
  26 Aprel 2018    Oxunub:2567
“2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində ümumi generasiya gücü 2500 meqavata çatan 30 elektrik stansiyası tikməyə nail olub”
AzVision.az-ın məlumatına görə, bunu "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev deyib. E.Pirverdiyev qeyd edib ki, hazırda respublikanın elektroenergetik sistemində ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir.

“Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır. İl ərzində yarımstansiyalarda 145-dən artıq transformator, 510-dan artıq eleqaz, 480 ədəd yağ və 410-dan çox vakuum açarları əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz olunması, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri həyata keçirilib və hazırda bu işlər davam etdirilir. Avadanlıqlardakı çatışmazlıqların müəyyənləşdirilib aradan qaldırılması üçün 225 ədəd transformator və avtotransformator, 700-dən artıq müxtəlif tipli açar, 1520-yə yaxın boşaldıcı, 760-dan çox gərginlik və cərəyan transformatorunda profilaktik sınaq-yoxlama işləri aparılıb. İl ərzində Elektrik Verilişi Xətlərində görülmüş işlərin həcmi də kifayər qədər böyükdür. Ümumilikdə, il ərzində balans mənsubiyyətinə aid olan elektrik verilişi xətləri üzrə 900 km-dən artıq hava xətti əsaslı təmir edilib. Təmir qrafiki çərçivəsində 11 min 400-ə yaxın izolyator, onlarca dayaq dəyişdirilib və yaxud təmir edilib”, - E.Pirverdiyev bildirib.

ASC prezidenti deyib ki, respublikada 2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb: “Daxili istehlakın yüz faiz yerli istehsal hesabına ödənilməsi və respublikadan müəyyən həcmlərdə elektrik enerjisi ixrac olunması qürurverici haldır. 2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb”.

E.Pirverdiyevin sözlərinə görə, cari ildə elektroenergetika sistemində bir sıra yeniliklərin olacağı gözlənilir: “2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə "Şimal-2" elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan "Astara-1", "Oğuz-1", "Oğuz-2" və "Oğuz-3" kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”.

AzVision.az


Teqlər: Etibar-Priverdiyev   Azərenerji  





Xəbər lenti