“Paşinyan sərsəm bəyanatlar səsləndirir” - Əli Əhmədov

“Paşinyan sərsəm bəyanatlar səsləndirir” - Əli Əhmədov
  12 May 2018    Oxunub:2068
"Paşinyanın Azərbaycan barədə dedikləri sərsəmliyin göstəricisi ola bilər"

AzVision.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Paşinyanın dedikləri nəinki bizim tərəfimizdən, dünya birliyi tərəfindən münaqişənin nizama salınması üçün yaradılmış vasitəçilər qrupu tərəfindən də pislənəcək:

"Ümumiyyətlə, bu münaqişənin mövcud olması Cənubi Qafqazda sabitlik və əmin-amanlığın möhkəm təməl üzərinə qoyulmasına ciddi əngəldir. O ki qaldı, onun regionlara səfər etməsi və reallığa uyğun gəlməyən, gərginliyin artmasına səbəb olan bəyanatlar verməsinə, hesab edirəm ki, bu, Ermənistanın özünə ziyan vuracaq".

Baş nazirin müavini hesab edir ki, münaqişənin həlli daha çox Ermənistanın mənafeyinə uyğun gələrdi.

"Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçirildi. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyirlər, fəallıq göstərirlər, istirahət günündə ağac əkirlər, iqtidarla birliyini nümayiş etdirirlər. Seçkilərin nəticələrinə dərindən inandıqlarını nümayiş etdirirlər. Bu, Azərbaycanın mövcudluğudur, bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistanın reallığı - narazılıq, nigarançılıq, qarşıdurmalar və.s. Nə qədər ki, Ermənistan Azərbacanın işğal edilən torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Ermənistan dalana dirənmiş vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uyğun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsi tələbini edəcəkdir", - Ə.Əhmədov vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əli-Əhmədov   YAP   Paşinyan  





Xəbər lenti