Azərbaycanda aqrar sığorta fondu yaradılacaq

  23 May 2018    Oxunub : 452
Azərbaycanda aqrar sığorta fondu yaradılacaq
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən hazırlanmış “Kənd Təsərrüfatı sığortası haqqında” qanun layihəsinin, həmçinin Türkiyənin aqrar sığorta mexanizminə dair və aqrar sığorta üzrə mərkəzi institut olan “TARSİM” əməliyyat modelinin fəaliyyətinə dair təqdimat mərasimi keçirilib.
Palatadan AzVision.az-a verilən məlumata görə, tədbirdə müxtəlif dövlət qurumlarının və Palatanın əməkdaşlıq etdiyi bir sıra yerli və beynəlxalq təşkilatların nümayəndələri, bank və sığorta şirkətlərinin, fermerlər assosiasiyasının fəal üzvləri iştirak ediblər.

Palatanın Baş icraçı direktoru İbrahim Alışov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, kənd təsərrüfatı sığortası üzrə dayanıqlı və davamlı modelinin formalaşdırılması Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində” qeyd olunan prioritetdən biridir.

İ. Alışovun sözlərinə görə, bu istiqamətdə Palata və yaradılmış müvafiq işçi qrupu tərəfindən ABŞ, İspaniya, İsrail, Kanada və Türkiyə Respublikasının aqrar-sığorta mexanizmləri üzrə beynəlxalq təcrübə araşdırılıb, habelə Türkiyənin kənd təsərrüfatı sığortası mexanizmi olan “TARSİM” modeli öyrənilib. Yerli və beynəlxalq ekspertlərin birgə səmərəli əməkdaşlığı nəticəsində ölkə üçün məqbul hesab edilən “Kənd Təsərrüfatı sığortası haqqında” qanun layihəsinin yekun modeli aidiyyəti qurumlara rəylərin bildirilməsi üçün təqdim edilib. Baş icraçı direktor bildirib ki, bu qanun layihəsi ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək vermiş olacaq.

İ. Alışov qeyd edib ki, kənd təsərrüfatı sığortası subsidiyaları ilə bağlı mexanizmin işlək hala gətirilməsi üçün aqrar sığorta fondu yaradılacaq və dövlət-özəl əməkdaşlığının tətbiq edilməsi bu sahəyə həm sığorta şirkətlərinin, həm də istehsalçıların maraqlarının artması ilə nəticələnəcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyev bildirib ki, “Kənd Təsərrüfatı sığortası haqqında” qanun layihəsinin qəbul edilməsi sözügedən sahə üzrə işgüzar aktivliyinin artmasına gətirib çıxaracaq.

Tədbirə xüsusi dəvət olunmuş Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü və digər ekspertlər Türkiyə Respublikasının kənd təsərrüfatı və aqro sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.

Tədbirin sonunda bank, sığorta və kənd təsərrüfatı sektorlarının mütəxəssisləri və digər qurumların nümayəndələri tərəfindən qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış “Kənd Təsərrüfatı sığortası haqqında” qanun layihəsinin müzakirəsi aparılıb.

AzVision.az

Teqlər: Palata