Dövlət Reklam Agentliyi fəaliyyətini təkmilləşdirir
Mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək.
Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təhciz olunması istiqamətində görülən işlərə əsasən, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək. Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atır. Artıq müfəttişlərin ərazilərdə monitorinqlər aparması üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillər alınıb. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün həmin avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub.
Agentliyin əsas vəzifələrindən biri də açıq məkanda estetik baxımdan yararsız reklamların yayımının qarşısını almaq, Azərbaycan dilinin dövlət dili olaraq qorunmasını və bu sahədə ekosistemin inkişafını təmin etməkdir.
Teqlər: Reklam-Agentliyi