Fuad Poladovun həyata keçməyən arzusu - 70 ilin xatirələri

Fuad Poladovun həyata keçməyən arzusu - 70 ilin xatirələri
  25 May 2018    Oxunub:16391
Bu gün mərhum Xalq artisti, Azərbaycan kinosunun unudulmaz siması Fuad Poladovun doğum günüdür. Aktyor yaşasaydı, 70 yaşını qeyd edəcəkdi. İlk dəfədir ki, ad gününü onsuz keçirirlər...

Yubileyinə az müddət qalmış həyatdan köçən aktyorun sənət yoldaşları onunla bağlı xatirələrini AzVision.az-la bölüşüblər
"Rol təklifi alanda uşaq kimi sevinərdi"

Əməkdar artist Mehriban Zəki Fuad Poladovun cəsarətli insan olduğunu deyib: “O, çox təmkinli, səbirli adam idi. Kiminsə haqqında nəsə deməyi, danışmağı, fikir yürütməyi sevməzdi. Amma bir dəfə səfərlərimizin birində mənim haqqımda sağlıq dedi. O zaman anladım ki, Fuadın mənimlə bağlı ifadə etdiyi söz içindəki sözdür, özü haqqında bu sözü deyir. Dedi ki, aktyor var sənətə şan-şöhrət naminə gəlir, aktyor var gəlib rolunu oynayır, sonra da itib batır, aktyor da var ki, sənətinin fəhləsidir, illər boyu yorulmadan, nə qazanacağını düşünmədən hər zaman sənətinə fəhlə kimi xidmət edir.



Fuad 70 yaşı haqlamasına baxmayaraq, son dönəmlərinə qədər rol təklifi alanda uşaq kimi sevinərdi. Ona verilən rolun üzərində şövqlə, böyük sevgi ilə işləyirdi. Heç nədən qorxmazdı".



Əməkdar artist Fuad Poladovla Omsk şəhərinə səfərini yada salıb: "Bir dəfə aktyorlarla birlikdə Omsk şəhərinə getmişdik. Orada restorana daxil olarkən qarşımıza başqa mədəniyyət sahibi olan sibirin gədələri çıxdı. Mənimlə üz-üzə gələn sibirlinin boynunda barmaq qalınlığında sep, qara dəridən gödəkcə var idi. Təsəvvür edin ki, hansı qəbildən insanla qarşılaşmışdım. Mən bir xanım olaraq gözlədim ki, o, mənə yol verəcək. Ancaq bunu etmədi. Yolu üzbəüz keçdi. Mən pərt halda dedim ki, bəlkə mənə keçməyə yol verəsiniz. O da "nə olub? Nə baş verib?" deyə üstümə kəkələndi. Elə bu an Fuad Poladov arxadan gəlirdi. Baş verənləri görən kimi həmən qarşıma keçdi. Sibirli oğlana dedi, nə baş verib? Nə olub? Sözün varsa, mənə dənən. Onun zəhmini görən oğlan üzr istəyib, qaçıb getdi. Hər addımında dürüst, hərəkətində dəqiq insan idi.

Sosial şəbəkədə insanlar yazırlar ki, Fuad Poladovu mənfi rollarına görə seviblər. Mən isə deyərdim ki, o, həyatda, aktyorların içində mənim üçün müsbət qəhrəman idi. Belə də yaddaşımda qalacaq”.

"Onun böyük bir arzusu vardı"



Xalq artisti Fəxrəddin Manafov həmkarının həyata keçməyən ən böyük arzusunu dilə gətirib: “Fuad Poladovla birlikdə tamaşalarda oynamışıq, çəkilişlərdə olmuşuq. Mən hər zaman ona demişəm ki, Fuad, bu günə qədər, hətta keçmiş sovet məkanında da sənin qədər sənətinə qarşı nizam-intizamlı aktyor, sənətini sevib, bu sənətin içində şəxsiyyətini qoruyan başqa bir insan görməmişəm. Fuad Poladov yaşamı, davranışı, sənətə, insanlara münasibəti ilə təsdiq etdi ki, bu sənət qeyri-ciddi iş deyil, böyük sənətdir və şəxsiyyətli olmaq vacibdir. Fuad gözəl dost və hədsiz dərəcədə istedadlı aktyor idi. Təəssüf ki, 70 yaşı adlaya bilmədi. Onun böyük bir arzusu var idi. Anton Çexovun “Altıncı palata” pyesində oynamaq istəyirdi. Amma ölüm buna imkan vermədi”.

"Bu sözləri onun yubileyində deyəcəkdim”



Aktyor İlham Namiq Kamal Fuad Poladovla birgə çəkildiyi filmi, yaşadığı həmin günləri xatırlayıb: "Fuad Poladov Azərbaycan teatrında, kinosunda çox mühüm yerlərdən birini tutan sənətkarlardandır. O, ağlagəlməz vaxtda dünyasını dəyişdi. 30 ilə yaxın onunla birlikdə “Azdrama”da işləmişəm. Birlikdə qastrollarda olmuşuq. Daha sonra bu il 40 illiyi tamam olacaq “Qaynana” filmində 6 aya yaxın tərəf müqabili olmuşuq. Peşəkarlıqdan söhbət gedirsə, Fuad əsl peşəkar idi. Azərbaycan teatrında bu səviyyədə aktyorlar azdır. Allah qismət etsəydi, bu sözləri onun yubileyində deyəcəkdim.

Fuad çox düzgün, ədaləti itirməyən, dostluqda möhkəm, səmimi şəxsiyyət idi. Biz get-gedə əsl sənətkarları itirirk. Azərbaycan kinosu, teatrı bu cür kasadlaşır. Peşəkarlar olmayan məmləkətdə bilmirəm sabah nə olacaq?”

"Sifətinin rəngi, gözlərinin quruluşu da dəyişirdi"



Əməkdar artist Ayşad Məmmədov sənət yoldaşının ölüm səhnələrini heyranlıqla oynadığını söyləyib:

“Bizim aramızda 6-7 il yaş fərqi var idi. Onunla vizual tanışlığım “Darıxma ana” tamaşasında olub. Tamaşada ilk görüşümüz isə Şekspirin əsərlərindən birinə “Aktyor evi”ndə hazırlanmış tamaşada baş tutub. Tamaşanın rejissoru Azərpaşa Nemətov idi. Filmdə ilk görüşmüz “Güllələnə təxirə salınır” filmində olub. Fuad orada "qanuni oğru" "Xan" obrazını, mən isə "Yetim Paşa" obrazını oynayırdım. Daha sonra “Şah Qacar” tamaşasında rol aldıq.



Fuad Poladovda məni ən çox maraqlandıran cəhət o idi ki, ölüm səhnələrini çox gözəl oynayırdı. Baxmayaraq ki, mən özüm də aktyoram, aktyor texnikasına bələdəm, amma Qacarın ölüm səhnəsində necə oynayırdısa, sifətinin rəngi, gözlərinin quruluşu da dəyişirdi. Həmişə onun sehrinə düşürdüm. Ölüm səhnəsi olmamış, artıq o, ölmüş adam obrazına girirdi. Bunu “Dolu” və “Ovsunçu” filmlərində də görmək olardı. Fuad aktyordan əlavə əsl kişi, mərd adam idi. Onda ziyalılıq, alicənablılıq kefiyyətləri var idi”.

Qeyd edək ki, mərhum aktyor bu il mayın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. Sevilən aktyor “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Fuad-Poladov   Xalq-artisti  





Xəbər lenti