Ramin Quluzadə beynəlxalq sammitdə
Ölkəmizi sammitdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə nəqliyyatda təhlükəsizliyin təmin olunması, ekoloji təmiz nəqliyyatın təşkili, şəhər və regionlarda “ağıllı” nəqliyyat sisteminə keçid, nəqliyyat və iqlim dəyişiklikləri, səmərəli avtomobil daşımaları üçün maneələrin aradan qaldırılması, nəqliyyatın rəqəmsal avadanlıqlardan asılılığı və digər mövzular ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının çıxışları dinlənilib.
R. Quluzadə nəqliyyatda təhlükəsizlik və avtomobil daşımaları sahəsində maneələrin aradan qaldırılması mövzuları üzrə keçirilən nazirlər sessiyasında çıxış edib. Nazir ölkəmizdə qeyd olunan sahələrdə həyata keçirilən layihələr, görülən işlər, həmçinin nəqliyyat və logistika sahəsində informasiya-kommunikasiya texnologiyalarının, innovativ sistemlərin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bundan başqa, tədbir çərçivəsində R. Quluzadə və Latviya, Ukrayna, Moldova respublikalarının sahə üzrə müvafiq qurumlarının rəhbərləri, eləcə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
AzVision.az