Azərbaycan kinosunun rus Müsyö Jordanı - FOTOLAR

Azərbaycan kinosunun rus Müsyö Jordanı - FOTOLAR
  11 Oktyabr 2013    Oxunub:3331
Azərbaycan filmlərinin qeyri-azərbaycanlı qəhrəmanları...
Sergey Yurskiy ölkəmizdə də sevə-sevə izlənilən “Qızıl dana”, “Görüş yerini dəyişmək olmaz”, “Əlibaba və Qırx Quldur” və “Məhəbbət və Göyərçinlər” kimi onlarla filmdə biri-birindən maraqlı obrazlar yaratsa da Azərbaycan tamaşaçısı onu Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun 1976-cı ildə ekranlara çıxan “Dərviş Parisi partladır” filmində oynadığı Müsyo Jordan obrazı ilə tanıyır və sevir.

Rusiyanın xalq artisti, aktyor, rejissor, ssenarist Sergey Yuriyeviç Yurskiy 1935-ci il martın 16-da Leninqradda Moskva sirkinin rəhbəri Yuriy Yurskinin və musiqi müəlliməsi Yevgeniya Yurskayanın ailəsində dünyaya göz açıb.

Sergey hələ uşaqlıqdan teatrla bağlı planlar qursa da illərdir bu sənətlə məşğul olan, hər çətinliyinə yaxşı bələd olan valideynləri onun həyatını teatrla bağlamasına etiraz ediblər. 1952-ci ildə məktəbi qızıl medalla bitirən Yurskiy Leninqrad universitetinin hüquq fakültəsinə daxil olub. Sonralar yarımçıq qalan hüquq təhsili illərində Sergey teatrdan uzaqlaşmayıb, universitetin teatr studiyasında çalışıb və bu sənətdən ayrı qala bilməyəcəyinə əmin olub.

Üçüncü kursdan sonra Ostrovski adına Leninqrad Teatr İnstitutuna yollanan Yurskiy buranı 1959-cu ildə bitirib və hələ tələbə ikən qəbul olunduğu Qorki adına Böyük Dram Teatrında çalışmağa və biri-birindən zəngin obrazlar yaratmağa başlayıb.

Tezliklə gənc yaşına rəğmən Yurskiy məşhur truppanın ən təcrübəli aktyorları ilə eyni səviyyədə dayanıb. Onun artan nüfuzu teatr daxilində narazılıqla qarşılansa da aktyorun Şimal paytaxtındakı populyarlığı günü-gündən artıb.

Teatrdakı fəaliyyəti və kinoobrazlarla yanaşı Sergey Yuriyeviç Çexov, Qoqol, Babel, Şukşik, Puşkin yaradıcılığına müraciət etdiyi və böyük maraqla qarşılanan konsertlər verib və bu konsertlərdə bir dənə də olsun boş yer tapmaq mümkün olmayıb.

Bir müddət sonra Yurskiy Leninqrad teatrını tərk etməyə məcbur olub. Bəziləri bu qərarı baş rolu ifa etdiyi “Diona” tamaşasına qoyulan qadağa, bəziləri hakim partiyanın aktyora qarşı mənfi münasibəti, bəziləri isə rejissor Tovstonoqovun artıq rejissor kimi də fəaliyyət göstərən Yurskiyə qısqanclığı ilə izah edirlər.

Yurskiy həmişə filosof olub. Hər zaman axına qarşı üzən və “tələbatlar”a deyil istəklərinə uyğun yaşayan filosof...

SSRİ Mədəniyyət Nazirliyi ona dissident damğası vurmağa çalışıb, halbuki, aktyor heç zaman Soljenitsenlə dostluq etdiyini gizlətməyib. Ona televiziya ekranlarında görünmək, rejissorlara isə ona rol vermək qadağan olunub...

Və beləliklə doğma şəhəri tərk etməyə məcbur olan Yurskiy 1979-cu ildən Moskvaya köçüb və Mossovet adına Teatrda çıxış etməyə başlayıb.

Yurskiy məhz Moskvada yaşadığı illəri və xüsusən də 90-cı illəri sənət bioqrafiyasının ən məhsuldar dövrü hesab edir. Teatrda onun oynadığı onlarla obraz və quruluş verdiyi rəngarəng tamaşalarla yanaşı 1999-cu ildə TVS kanalında hazırladığı “Puşkin və başqaları” televiziya filmi Nyu York, London, Paris, Berlin və Kiyevin ən böyük kinozallarında nümayiş olunub.

Sergey Yuriyeviç bu gün demək olar ki, hər gün müxtəlif teatrlarda səhnəyə çıxır. Mossovet adına teatrla yanaşı o həm də Çexov adına Moskva Akademik teatrı və “Müasir pyes məktəbi”ndə də çalışır.
Onun sadaladığımız bütün teatrlarda və həyatda yalnız bir tərəf müqabili var – həyat yoldaşı Natalya Tenyakova və bəzən də qızı, gənc aktrisa Darya Yurskaya.

Sergey Yurskiy 1961-ci ildə aktrisa Zinaida Şarko ailə qurub ancaq bu evlilik sadəcə 7 il davam edib. Aktyorun ikinci həyat yoldaşı da həmkarı, xalq artisti Natalya Tenyakova olub. Tatyana və Sergey “Böyük pişiyin nağılı” televiziya filminin çəkiliş meydançasında tanış olublar. Tenyakova o zaman hələ tələbə idi, Yurskiy isə ondan 9 yaş böyük və kifayət qədər məşhur aktyor. Və hər ikisi evli idi : Natalya rejissor Lev Dodinlə, Sergey isə aktrisa Zinaida Şarko ilə.

Cütlüyün sevgi hekayəsi ancaq illər sonra Tovstonoqov adına Dram teatrının səhnəsində başlayıb. Bu zaman Natalya və Yurskiy artıq həyat yoldaşlarından ayrılmışdılar.

Bu izdivacdan olan qızları Darya Yurskaya da Çexov adına Moskva Dram teatrında çalışır, həyat yoldaşı Aleksey Lebedev isə rəssamdır.

Leyla

Qalereya




Teqlər:  





Xəbər lenti