“Beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritetdir” - Nazir

“Beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritetdir” - Nazir
  05 İyun 2018    Oxunub:1649
Respublikamızda etibarlı, sürətli və təhlükəsiz nəqliyyat sisteminin yaradılması və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə infrastrukturun yenilənməsi, multi-modal logistika sistemlərinin təkmilləşdirilməsinə böyük önəm verilir.
AzVision.az-ın məlumatına görə, bunu 4-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib. Nazir, Azərbaycanın Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu qeyd edib.

“Bu baxımdan, 2017-ci ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir. Yeni dəmir yolu xətti Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Bakı-Tbilisi-Qars, Çin də daxil olmaqla Uzaq Şərqdən Avropa istiqamətinə və geriyə daha etibarlı, səmərəli və təhlükəsiz daşımaların həyata keçirilməsinə töhfə verəcəkdir”- deyə nazir qeyd edib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətindən bəhs edən R.Quluzadə bu limanın Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olduğunu vurğulayıb. O, yeni limanın bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişin daşımalarının həyata keçirilməsində əsas rol oynayacağını diqqətə çatdırıb.

Nazir, həmçinin Avropa İttifaqı ilə nəqliyyat sahəsində əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Mühüm layihələrin həyata keçirilməsi və ölkənin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsini prioritet hesab edirik. Bu baxımdan nəqliyyat şəbəkələrinin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən layihələrin maliyyələşdirilməsi və nəqliyyatda təhlükəsizlik sahəsində ölkəmizlə əməkdaşlığın inkişafına dair Avropa İttifaqının fəaliyyəti qarşılıqlı maraqlarımıza uyğundur.

Bununla belə, hesab edirik ki, nəqliyyatda təhlükəsizlik məsələləri də daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin mövcud nəqliyyat imkanlarının qiymətləndirilməsi və prioritet layihələrin müəyyən olunması ilə bağlı təhlillərin aparılması və təkliflərin hazırlanmasında Avropa İttifaqı tərəfindən dəstək göstərilməsinə zərurət var. Bu tədbirlərin həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında yük və sərnişinlərin maneəsiz, sürətli və təhlükəsiz daşınması, eləcə də tammiqyaslı iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün şərait yaradacaqdır”.

AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti