Xəzər Dəniz Gəmiçiliyinin Afinada nümayəndəliyi açılıb

Xəzər Dəniz Gəmiçiliyinin Afinada nümayəndəliyi açılıb
  07 İyun 2018    Oxunub:3754
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Afinada (Yunanıstan) nümayəndəliyi fəaliyyət göstərəcək.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Yunanıstan vacib dəniz nəqliyyatı arteriyaları üzərində yerləşməsi baxımından çox əhəmiyyətlidir. Yeni təsis olunan nümayəndəliyin açılış mərasimində Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, nüfuzlu beynəlxalq təsnifat cəmiyyətləri və gəmiçilik şirkətlərinin əməkdaşları, o cümlədən iş adamları iştirak ediblər.

Mərasimdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev son zamanlar Azərbaycanda həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur layihələri haqqında məlumat verib. O bildirib ki, Azərbaycan artıq Asiya və Avropa qitələrini birləşdirən bir “Hub” rolunu oynayır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verən Rauf Vəliyev Çin və Avropa bazarlarını birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan və onun əsas iştirakçılarından biri olan və 160 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi haqqında söz açıb.

Qeyd olunub ki, gündən-günə inkişaf edən bu marşrut üzərində yeni çağırışlara cavab vermək üçün Gəmiçilik öz donanmalarını müasir gəmilərlə yeniləyir, kadr bazasını möhkəmləndirir. Vurğulanıb ki, 9 mindən artıq əməkdaşı olan Gəmiçiliyin iki böyük donanması mövcuddur. Dəniz Nəqliyyat Donanmasının tərkibində 52, Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 212 müxtəlif təyinatlı gəmi istismar edilir. Həmçinin “AXDG” QSC-nin nəzdində Gəmi Təmiri və Tikintisi zavodları, Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Məkəzi fəaliyyət göstərir. Bu da Gəmiçiliyin beynəlxalq bazarlarda rəqabət qabiliyyətliliyini daha da artırır.

Tədbirdə həmçinin “B2B” formatında işgüzar görüşlər də baş tutub. Azərbaycan Xəzər Dəniz Gəmiçliyi ilə bir sıra beynəlxalq şirkətlərin əməkdaşlıq perspektivləri müzakirə olunub.

Mərasimdə Azərbaycanın əlverişli coğrafi məkanını, təbiət, mədəniyyət və tarixini, iqtisadi inkişafını, aparılan irimiqyaslı nəqliyyat-infrastruktur layihələrini, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafını əks etdirən videoçarx da nümayiş etdirilib.

AzVision.az


Teqlər: Dəniz   Gəmi   Afina  





Xəbər lenti